Tarix : 2018 Jan 18
Kod 54108

Ayətullah Amili: Biz tarixi və gerçək kimliyi qorumaq üçün 19 Yanvar mövzusuna daxil olmuşuq

Ərdəbilin imam cüməsi: Heydər Əliyev azərbaycançılığı dinlə müqabilə istiqamətində yaratdı, halbuki hər azərbaycanlıdan kimliyini soruşsanız, özünü müsəlman kimi təqdim edəcək. Heç bir azərbaycanlı İslamdan ayrı deyil.

AranNews-in məlumatına əsasən, Təbrizdə 19 Yanvar Dünya Müsəlman Azəriləri Günü münasibətilə “Müsəlman Azərilər və indiki dövrdə onların vəhdət bəxş edən missiyası” adlı dördüncü ixtisaslı konfrans keçirilib. Təbriz Azad İslam Universitetinin Şəhriyar toplantı salonunda keçirilən bu konfransın xüsusi natiqi Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amili olub. Ayətullah Amili 19 yanvar tarixi ilə bağlı həqiqətlərdən geniş söz açaraq deyib: “19 yanvar və 31 dekabr İran və Azərbaycan Respublikasının tarix və kimlik mövzusunda bir-birinə qarşı dayanan bir məsələsidir. Biz tarixi və gerçək kimliyi qorumaq məqsədilə 19 Yanvar kateqoriyasına daxil olmuşuq.”
19 yanvar 1990-cı ildə SSRİ-nin parçalanması əlamətlərinin göründüyü bir vaxtlar olmasına işarə edən Ayətullah Amili deyib: “Araz çayının şimal sahilinin azərbaycanlıları şövqlə İran sərhədlərinə tərəf hərəkət etdilər, Araz çayından keçdilər, İmam Hüseyn (ə) bayraqları götürdülər, məscidlərə toplaşdılar və faktiki olaraq özlərinin İslam dininə bağlı olduqlarını elan etdilər.”
Vəliyyi-fəqihin nümayəndəsi nitqinin digər hissəsində deyib: “Bu hərəkətə dözmək Azərbaycan Respublikası hökuməti üçün çox çətin olduğundan meydana daxil olaraq həqiqəti təhrif etdi. Belə ki, Azərbaycanın müsəlman xalqının hərəkətini Ana Vətən olaraq İrana dönüşü kimi deyil, vahid Azərbaycan yaratmaq üçün maneələri götürməsi adlandırdı.
Bu hadisənin 19 yanvarda baş veməsinə baxmayaraq, bu mübarək hərəkətin dini mahiyyətini gizlətmək məqsədilə Heydər Əliyevin göstərişi ilə onu 31 dekabra və xristianların bayramına bağladılar. Bugünləri gördüyümüz kimi Azərbaycan Respublikası siyasətçiləri İran əleyhinə çıxış edirlər və bizi öz həmvətənləri adlandırmaqdan (hüquqi mənası vardır) çəkinmirlər.”
Ayətullah Amili tarixə işarə edərək deyib: “Hərçənd, çar və sovet hökumətinin təbliğatları azərbaycanlıları öz həqiqi kimliyindən ayıra bilmədi və bu sevindirici haldır və bu tarixi gerçəklik uca tutulmalıdır, amma gələcəkdə məkirli planların qarşısını almaq məqsədilə 19 yanvarı Dünya Müsəlman Azəriləri Günü adlandırdıq ki, hər il tarixi həqiqətləri açıqlamaqla onu müdafiə edək.”
İmam cümə 19 Yanvar günü ətrafında tarix və kimlik kimi iki mövzuya toxunaraq deyib: “Heydər Əliyevin baxışından Azərbaycan Respublikası siyasətçilərinin siyasətləri azərbaycançılıqdır. Bu teoriyada dinə yer verilməmişdir. Bu baxışa əsasən, din fərdi sahəyə məhdudlaşır; Allah məsciddə və İmam Hüseyn (ə) hüseyniyyədə qalmalıdır.
Azərbaycanın həqiqi tarixi besət, Qədir və Aşuradan başlanır. Hər azərinin iki vətəni vardır: biri dünyaya gəldiyi yerdir, biri də tarixi vətəni və ata yurdu, yəni İrandır. 19 yanvar ata yurdunun qorunması və Ana qucağına qayıdış idi. Amma Azərbaycan Respublikası siyasətçiləri bu ölkəni İslamın qəlbindən çıxarmaq üçün çoxlu təhriflərə əl atdılar.”
Ayətullah Seyid Həsən Amili çıxışının davamında Azərbaycan Respublikası siyasətçiləri tərəfindən bir sıra təhrif və uydurmalara işarə edərək deyib: “Onların uydurmalarına görə guya tarixdə Azərbaycan adlı müstəqil ölkə mövcud olub və onu təsis edən Şah İsmayıl Səfəvidir. Bu müstəqil ölkənin paytaxtı da Ərdəbil olmuşdur. Bu arada Rusiya və İran əlbir olaraq bu müstəqil Azərbaycan dövlətini iki yerə bölüblər!!”
Ali Məqamlı Rəhbərin nümayəndəsi çıxışının digər bir hissəsində deyib: “Azərbaycan Respublikası başçıları 1990-cı il hadisəsindən üç il sonra komadan ayıldılar, Heydər Əliyev elan etdi ki, Azərbaycan Respublikası əhalisinin İran sərhədlərinə tərəf hərəkəti Arazın cənubundakı azərbaycanlılarla həmrəylik məqsədi daşımışdır. Amma biz deyirik ki, onlar həmrəylik üçün deyil, ilhaq üçün gəlmişdilər. Onların “Allahu Əkbər” və “La ilahə illəllah” kimi şüarları, Naxçıvan əhalisinin İrana birləşmək haqqında yazdıqları məktub bu həqiqətin açıq-aydın sübutudur.”
Üçüncü təhrifin kimlik barədə aparıldığını açıqlayan xətib deyib: “Kimlik çox mühüm bir kateqoriyadır və gələcək nəsil üçün hansı səmtə hərəkət etmələrini təyin edir. Bu mövzu da Heydər Əliyev tərəfindən təhrifə məruz qaldı. O, azərbaycançılığı dinin qarşısında tutdu. Halbuki, hər azərbaycanlıdan onun kimliyini soruşsan, özünü müsəlman kimi tanıdacaq və heç bir azərbaycanlı özünü İslamdan ayrı tuta bilməz.
Ona görə də azərbaycanlıların həqiqi kimliyini əsas tutaraq bütün dünya azərbaycanlılarına deyirik ki, öz dinlərini qorusunlar, İslam Peyğəmbərinə (s) və Əhli-Beytə (ə) söykənməklə ümumdünya vahid ailəsini yaratmağa himmət göstərsinlər, öz tarixi kimliklərini və vətənlərini qorusunlar, azərbaycanlı türkcəsini ədəbi dəyərli xəzinə olaraq qoruyub saxlasınlar.”
Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına köməklərinə işarə edən Ayətullah Amili deyib: “İranlı generalların Heydər Əliyevin qarşısında parad keçirməsinə aid videolar “YouTube” və digər sosial şəbəkələrdə mövcuddur. Hətta İran və Azərbaycan generallarının Qarabağda danışıqları Ermənistan tərəfindən yazılmış və etiraz məqsədilə Tehrana göndərilmişdir.
(Azərbaycan İslam Partiyasının vəfat etmiş sədri) Hacı Əlikramın qırx mərasimində bəyanat verərək Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarının üzə çıxarılmasını istədim. Azərbaycanın dövlət məsullarından biri dedi ki, filaninin söhbətləri həqiqətləri lazımınca üzə çıxarıb.”
İranın yardımlarının Azərbaycanın dövlət başçıları tərəfindən rədd edilməsinə və bu ölkənin sabiq prezidenti Əbülfəz Elçibəyin mövqeinə və açıqlamasına toxunan imam cümə deyib: “O vaxt Elçibəy demişdi: “Əgər biz İrandan kömək alsaydıq, bu, Amerikanın, Rusiyanın və hamısından önəmlisi Mossad-ın siyasətlərinə zidd olduğu üçün onlar bizi cəzalandıracaqdı. İrandan kömək almamaq üçün çoxlu səbəblərimiz var idi. Bu köməklər Azərbaycanın üzərinə ağır yük qoyacaqdı.”
Həzrət Ayətullah Seyid Həsən Amili çıxışının sonunda Arazın şimalında yaşayan azərbaycanlılara müraciət edərək deyib: “Şah İsmayılın tarixi paytaxtından və bütün azərbaycanlıların böyük rəhbəri İmam Xamenei tərəfindən bizim ismarışmız, sülh ismarışıdır.”
Vəliyyi-fəqihin nümayəndəsi 20 yanvarda sabiq SSRİ ordusu tərəfindən Azərbaycanın müsəlman xalqının qətliam edilməsinə işarə edərək bu münasibətlə Azərbaycan Respublikası xalqına başsağlığı verib və onlarla həmdərd olduğunu bildirib.

  • Yazılıb
  • da (də) 2018 Jan 18
  • Göndərən مدير سايت Aran News