Tarix : 2018 Jan 20
Kod 54118

İslam tədbirləri üçün 4 milyon manat ayrıldı

Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə dörd milyon manat ayrılıb. Yanvarın 19-da dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.


Arannews-meydan.tv-Sərəncama görə, vəsait “İslam Həmrəyliyi İli”nin davamı kimi 2018-ci ildə keçiriləcək əlavə tədbirlərin maddi təminatı üçün ayrılır.
Sərəncamda bildirilir ki, İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik dini olması mədəniyyətlərarası və dinlərarası münasibətlərin hazırkı dövründə bu qəbildən tədbirlərin davamlı təşkilinə xüsusi aktuallıq qazandırır.
“Azərbaycan Respublikası Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar 2017-ci ildə Azərbaycanda və onun hüdudlarından kənarda silsilə tədbirlər təşkil edilib, o cümlədən Bakı şəhərində “2017 – İslam Həmrəyliyi İli:
Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda mötəbər beynəlxalq konfrans keçirilib. İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verən həmin tədbirlər müsəlman aləmində özünəməxsus mövqeyə və nüfuza malik Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilib, həmçinin ölkəmizin tolerantlıq mühitinin və multikulturalizm təcrübəsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edib”- sərəncamda vurğulanır.
2017-ci il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Həmin il Azərbaycanda İslam oyunları keçirildi. 12 gün davam edən Bakı IV İslam Həmrəyliyi Oyunlarına 21 idman növü üzrə 54 dövlətin 6 minə yaxın idmançı qatılmışdı. Prezidentin sərəncamı ilə birinci yeri qazanan idmançı 150 min manat, məşqçisinə 75 min manat, ikinci yeri tutan idmançı 80 min, məşqçisinə 40 min, üçüncü yeri qazanana 50 min, məşqçisinə isə 25 min manat pul mükafatı verilməsi nəzərdə tutulmuşdu.
Oyunlarına nəticələrinə əsasən, Azərbaycan idmançıları 75 qızıl medal qazanıb. Bununla da birinci yer sahiblərinə 16 milyon 875 min manat, 50 gümüş medalla ikinci yer sahiblərinə 6 milyon, 37 bürünc medalla üçüncü yer tutanlara 2 milyon 775 min manat verilib.
Bu, idmançılara ayrılan ümumi məbləğin 25 milyon 650 min manat olduğunu göstərir.
Dövlət büdcəsindən idman oyunlarının keçirilməsinə 100 milyon dollar ayrılmışdı.
“İslam Həmrəyliyi İli” həm də Nardaran hadisələri zamanı həbs edilən şəxslərə oxunan hökmlərlə yadda qalıb. Bir neçə hissəyə ayrılmış “Nardaran işi” məhkəmə proseslərində dindarlara hökm oxunub. Nardaran hadisələri zamanı həbs olunan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə 20 il azadlıqdan məhrum edilib.
İlahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş polis əməliyyatı nəticəsində həbs olunub. Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını deyən ilahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.
Nardaran hadisələri ilə bağlı həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə 10 il cəza alıb.
İlboyu davam edən məhkəmə prosesləri dekabrda sonuclanıb. “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfərə dekabrın 28-də hökm oxunub

  • Yazılıb
  • da (də) 2018 Jan 20
  • Göndərən مدير سايت Aran News