Tarix : 2018 Jan 20
Kod 54120

"20 yanvar - Şəhidlik zirvəsi" adlı tədbir keçirilib

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşkilatçılığı ilə “20 Yanvar” şəhidlərinə həsr edilmiş "20 yanvar - Şəhidlik zivəsi" adlı tədbir keçirilib. İslaminSesi xəbər verir ki, tədbirdə siyasi xadimlər, ziyalılar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Arannews-İslaminSesi xəbər verir ki, tədbir ilk öncə müqəddəs Qurani-Kərimin tilavəti və Dövlət himninin oxunması ilə açıq elan edildi.

 Əvvəlcə çıxış edən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bildirdi ki, 28 ildir xalqımız 20 Yanvar faciəsini qeyd edir. 20 Yanvar faciəsinin milli hüzun günü olması ilə yanaşı şərəf və qürur günü olduğunu bildirən Rövşən Əhmədli, xalqımızın bu imtahandan başı uca çıxdığını vurğuladı.

 Sonra çıxış üçün söz Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verildi. Eldəniz Quliyev çıxışı zamanı bildirdi ki, tarix iki cür yazılır, qan və kino lenti ilə. “Lent vasitəsilə tarixin reallıqlarını görürük. Oradaki video kadrları 19-20-ə keçən gecə çəkmişk və təsadüfən sağ-qalmışdıq. 20 Yanvarda gördüyüm vəhşiliklər indiyə qədər yadımdan çıxmayıb. Baş verənlər Sovet İmperiyasının bizlərə qarşı nifrəti idi. Dünənimizi dəyərləndirməliyik, çünki artıq realdır və baş verib. Lakin bu günün içində olduğumuz üçün nəticəsinin necə olacağını bilmirik. Ona görə də dünənimizə baxıb nəticələr çıxarmalıyıq. Xalqımız bu baxımdan gələcək xoş günlər görmək və faciələrdən xilas olmaq üçün bir olmalıdır.”

Sonra çıxış edən tarixçi, ictimai xadim Dilavər Əzimli vurğuladı ki, 20 Yanvar hadisəsi son 200 il ərzində Azərbaycan xalqına qarşı baş verənlərin son nöqtəsi idi: “Arzu edirik ki, bundan sonra xalqımıza qarşı bu cür faciələr bir daha yaşanmasın. Məhz bu illər ərzində baş verən 20 Yanvar kimi qəhrəmanlıq hadisələrinin önündə inanclı kəsim daima öndə gedirdi. Bu xalqı 20 Yanvar hadisəsi məhz həmin gün bir araya gətirdi və bir etdi. ”

AİP funksioneri Akif Heydərli isə çıxışı zamanı vurğuladı ki, “20 Yanvar” Azərbaycan xalqının uca və şərəfli tarixidir. İmperiyaların əsas hədəfinin dağıtmaq və parçalamaqdan ibarət olduğunu söyləyən Akif Heydərli, sovet imperiyasının da məhz bu baxımdan Azərbaycan xalqına qarşı hərbi vandalizm törətdiyini vurğuladı:

 “Şəhidlik məqamının əslində güc və iradə və vətəni sevməkdən ibarətdir. Şəhadəti və vətəni sevmədən şəhidliyə tərəf getmək mümkün deyil. Şəhidlik olduqca uca və şərəfli məqamdır ki, xalqımız zaman-zaman daima bu dəyərə sahib çıxıb.”

 Tədbir digər iştirakçıların çıxışları ilə davam etdi.


  • Yazılıb
  • da (də) 2018 Jan 20
  • Göndərən مدير سايت Aran News