Tarix : 2018 Jan 20
Kod 54127

Müsavatçının məhkəməsi başlayır

Şirvan Apelyasiya Məhkəməsi Müsavat Partiyasının yerli təşkilatının həbsdəki sədri Əlikram Xurşidovu azadlığa buraxmaqdan imtina edib.

Arannews:Rakurs.tv-zadlıq Radiosunun xəbərinə görə, bu haqda onun vəkili Nemət Kərimli məlumat verib.
Vəkilin bildirdiyinə görə, Ə.Xurşidovun məhkəməyə qədər ev dustaqlığına buraxılması ilə bağlı əvvəlcə Şirvan Şəhər Məhkəməsinə müraciət ediblər. Ancaq məhkəmə onların vəsatətinin rədd edib.
 Bu gün, yanvarın 19-u Şirvan Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarından verilən şikayətə baxıb və onu rədd edib.
 Qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini qeyd edən vəkilin sözlərinə görə, Ə.Xurşidovun cinayət işinin materialları yerli məhkəməyə göndərilib. Artıq cinayət işi icraata da verilib.
 «İşə Şirvan Şəhər Məhkəməsində baxılacaq. Məhkəmə prosesi yanvarın 24-də saat 10:45-də başlayacaq. Həmin tarixdə hazırlıq iclası keçiriləcək», - vəkil bildirib.
 Ə.Xurşidov Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədridir. Onu ötən il noyabrın 22-si axşam saatlarında Şirvan şəhərində polislər saxlamışdı.
 Noyabrın 24-də ona qarşı rəsmi ittiham irəli sürülüb. Müsavat Partiyasının Şirvan təşkilatının sədrini Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham edirlər.
 Yekunda isə ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.
 N.Kərimli 315.2-ci maddənin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması sayıb. Onun deməsinə görə, yeni ittihamlar təsdiqini taparsa, Ə.Xurşidovu 7 il həbs gözləyir. Bundan əvvəl isə maksimim cəza 5 il həbs idi.
Müsavat Partiyası bəyanat verərək, həbsin siyasi motivli olduğunu bildirib.
 Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmirlər.
 Müsavat Partiyası həbsdən dərhal sonra həmçinin bildirmişdi ki, Ə.Xurşidov özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Onlar həbsi belə statuslarla izah edirlər.
 Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Ötən il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.

  • Yazılıb
  • da (də) 2018 Jan 20
  • Göndərən مدير سايت Aran News