Tarix : 2018 Jan 20
Kod 54130

Cəmil Həsənli: "Nazirin olub-olmaması nəyi dəyişir ki

Artıq 2 aydır ki, təhsil naziri postu boş qalıb.

Arannews-Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri postuna təyin olunduqdan sonra onun yerinə kimsə təyin olunmayıb.
 Maraqlıdır, bəs ictimai şəxslər bu postun boş qalmasının nəticələrini necə dəyərləndirirlər?
 "Sabah nazir təyin etsələr də, heç bir dəyişiklik olmayacaq"
 Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli hesab edir ki, Azərbaycanda təhsil siyasəti iflasa uğrayıb. 
 Onun sözlərinə görə, təhsil nazirinin olub-olmaması problemin həllində heç bir rol oynamır: "Ümumiyyətlə, təhsil nazirinin olub-olmaması nəyi dəyişir ki?! Sabah nazir təyin etsələr də, heç bir dəyişiklik olmayacaq. Bundan əvvəl yeni nazir təyin etmişdilər, nə dəyişdi ki? Azərbaycanda bütövlükdə təhsil siyasəti iflasa uğrayıb. Adamlar sadəcə olaraq, Azərbaycan təhsili ilə bağlı öz vaxtlarını itirirlər və bu təhsil heç nəyə yararlı deyil. Mən xüsusilə də ali məktəb təhsilini nəzərdə tuturam. Azərbaycanın bu gün verdiyi ali təhsilin sivil-müasir ali təhsilə heç bir aidiyyatı yoxdur". 
 "Tək təhsil sahəsində yox, digər sahələrdə də problem var. Ölkədə nazir rəhbərlik etdiyi sahənin strategiyasını müəyyən etmir və edə də bilməz. Bu, bütövlükdə korrupsiyaya uğramış sistemin həlqəsidir. Ümumiyyətlə, inzibati idarəçilik sisteminin kökündən ləğv olunması təhsil, səhiyyə siyasətinin yarıtmaz olmasının nəticəsidir. Sizə bir fakt deyim: İran hökuməti qərar qəbul edib ki, Azərbaycandan olan pasientlərə səhiyyə xidməti göstərməkdən ötrü sərhrədyanı rayonlarda 17-18 xəstəxana tikilsin. Ona görə də Azərbaycan hökuməti bundan utanmalıdır”, - C.Həsənli bildirib. 
 
"Nəinki 2 ay, hətta 1 il də sözügedən post boş qala bilər”
Təhsil Şurasının sədri Əjdər Ağayev isə nazir postunun boş qalmasını təbii proses sayır: "Bu, təbii bir prosesdir. Burada heç bir qeyri-adilik yoxdur. Nəinki 2 ay, hətta bir il də sözügedən post boş qala bilər. Necə ki bir adam bir neçə işi apara bilir. Əsas məsələ bir nəfər nazirin olması deyil, məsələ orqanizmin, strukturun işləməsidir. Təhsil Nazirliyi sistemi, onun strukturunu idarə edən insanlar var və dövlət siyasəti yerinə yetirilir. Yəni burada nazirin tələsik şəkildə təyin olunmasına ehtiyac yoxdur. Çünki təhsil nazirinin müavinləri var, hansı ki bu müavinlər işə bələddirlər və xeyli müddətdir orada işləyirlər. Yeni nazirin təyin olunmamasına baxmayaraq, heç bir problem, narazılıq meydana gəlməyib, iş öz qaydasında gedir. Ona görə də hesab edirəm ki, yeni təhsil nazirinin hələ də təyin olunmamasında dövlətin məqsədi var. Görünür, ya münasib kadr axtarışıdır, ya da struktur dəyişikliyi ola bilər. Nazirliklərarası inteqrasiya ola bilər. Dövlət özü bilir nəyi necə edəcək. Bu adamlar nahaq yerə tələsirlər. İnsanların əsas gözləntisi odur ki, işlər qaydasında getsin və gedir də. 
 "Yeni nazir necə biri olmalıdır" sualına gəlincə, məncə, nazir o adam olmalıdır ki, təhsil sahəsində təcrübəli olsun. Ən azından 10-15 illik təcrübəsi olan, pedaqoji işi bilən, təhsil sistemində çalışan insanlar idarəetmədə iştirak etsələr, nəticə daha arzuolunan olar”, - Ə. Ağayev qeyd edib. 
 "Nazir postunun boş olmasında heç bir problem yoxdur”
 Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Deputat Asim Mollazadə də deyir ki, nazir təyinatı prezidentin səlahiyyətində olan məsələdir. 
O hesab edir ki, hazırda bu postun boş qalması hər hansı bir problem yaratmır: "Hazırda Təhsil Nazirinin səlahiyyətlərini icra edən şəxs var və zəruri olan qərarları da o verir. Mənə elə gəlir ki, nazir postunun boş olmasında heç bir problem yoxdur və hazırda iş gedir”.
Toplum.Tv
  • Yazılıb
  • da (də) 2018 Jan 20
  • Göndərən مدير سايت Aran News