Arannews:meydan.tv-Milli azadlıq hərəkatının liderlərindən hesab olunan Nemət Pənahlı “Turan”-ın "Çətin sual" proqramına müsahibəsində 20 yanvar hadisələrinin tarixi dərslərindən danışıb.
O, fikrini belə əsaslandırıb:
“Biz milli azadlıq uğrunda 20 yanvarda qan tökdük ki, müstəqil dövlət yaradaq, demokratik dövlət qurulsun, milli haqlarımız, milli hüquqlarımız bərpa edilsin. Ancaq təəssüflər olsun ki, bu gün Azərbaycanda qan bahasına alınan müstəqillik dövründə bütün milli hüquqlar tapdalanır, insan haqları tapdalanır. Ədalətli bir cəmiyyət yaradılmayıb. Ona görə, demək, dərs çıxarılmayıb”.
“20 yanvar hadisələrinin ölkənin demokratik inkişafında hansı rolu var”- sualına cavabında N.Pənahlı deyib:
“Çox təəssüflər olsun ki, heç bir rolu yoxdur, olmayıb. Əgər 20 yanvardan dərs çıxarılsa idi, demək, milli azadlıq mübarizəsinin yekunu milli dövlətin yaradılması ilə nəticələnərdi. Yəni, milli dövlət də millətin bütün maraqlarının təmsilçisidir, millətin ümumi bir evidir. Ədalətli dövlət yarananda bütün vətəndaşlar qanun qarşısında, hüquq qarşısında bərabər olur, ölkənin milli sərvətləri vətəndaşlar arasında ədalətlə paylanır. Dövlət ədalətin rəmzidir. Yəni, ədalətin təməli dövlətdir. Əgər dövlətdə ədalət yoxdursa, ədalətli cəmiyyət qurulmayıbsa, demək, millət hələ məqsədinə tam şəkildə nail olmayıb”.
N.Pənahlı müsahibəsində 20 yanvar hadisələrinə görə SSRİ, o vaxtkı Azərbaycan rəhbərliyi ilə yanaşı Azərbaycan Xalq Cəbhəsini də qınayıb:
“Sonrakı mərhələdə də çox təəssüflər olsun ki, Xalq Cəbhəsi hakimiyyətə gəldi. Xalq Cəbhəsi də o dövrdə kommunistlərlə əməkdaşlıq etdiyinə görə faktiki olaraq (mən dəfələrlə demişdim) komblok, demblok, partokrat, cəbhəkrat, Azərbaycanın bütün bu tarixi faciələrinin üzərində bunların əməkdaşlığı olub. Elə bil ki, bir-birinin dublyoru olublar. Kommunist Partiyası iflasa gedəndən sonra Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə xalqa edilən heç bir xəyanət açılmadı, cinayətkarlar cəzalandırılmadı. KQB-nin (keçmiş Dövlət Təhlükəsizlik Komitəsi-red.) arxivi xalqdan gizlədildi. Millətə 70 ildə edilən (sovet dövrü nəzərdə tutulur-red.), o cümlədən 1988-ci ildə edilən milli xəyanətlərin, xəyanətkarların heç biri cəzalandırılmadı, heç biri mühakimə edilmədi. Əksinə, biz Xalq Cəbhəsi hakimiyyəti dövründə bunu tələb edəndə məni həbs edib saldılar zindana. Miralim Bəhramovu (Xalq Cəbhəsinin Cəlilabad rayon təşkilatının sədri olub, 1990-cı il yanvarın 13-də SSRİ-nin İranla sərhəddinin dağıdılmasına rəhbərlik edib-red.) həbs edib saldılar zindana. Çünki biz tələb edirdik ki, xalqa qarşı edilən cinayətlər açılmalıdır, günahkarlar cəzalandırılmalıdır, satqınla, xainlə qəhrəman arasında fərq bilinməlidir. KQB-nin arxivləri açılmalıdır, xalqa çatdırılmalıdır, xalq həqiqətləri bilməlidir. Birinci mərhələdə mənim əleyhimə kampaniya apardılar ki, Nemət hamını xain, cinayətkar, agent sayır. O zaman bunlar iddia etdi ki, guya KQB-nin arxivi açılsa, vətəndaş müharibəsi olar. Yəni, ər görəcək ki, arvadı agentdir, arvad görəcək ki, əri agentdir. Bütün xalqı ona görə agent etdilər ki, öz agentliklərini gizlətsinlər. Mən onda tələb etdim ki, elə isə Xalq Cəbhəsinin İdarə Heyətinin, yəni mənim arxivimi, Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olan 15 nəfərin arxivlərini açsınlar. Bunlar arxivləri aça bilməzdilər. Niyə? Ona görə ki 20 yanvar cinayətlərində də bunlar kommunistlərlə əməkdaşlıq etdilər. 20 yanvar qanlarının üzərində hakimiyyət, mandat alveri etdilər. 20 yanvar qanlarının üzərində gəlib parlamentə girdilər. Ona görə də, bu, açılsa idi, bu gün milli qüvvə kimi tanınan qüvvələrin nə qədər millətə xəyanət etdikləri bütün çılpaqlığı ilə meydana çıxacaqdı. Ona görə də milli hakimiyyət, milli dövlət yaranmadığına görə təbii ki, millətə qarşı xəyanətlər də, millətə qarşı edilən cinayətlər də cəzalandırılmadı, cəzasız qaldı.
Əksinə, millət, vətən uğrunda mübarizə aparan insanlar maddi, mənəvi, siyasi cəhətdən hər cür formada repressiyaya, məhrumiyyətlərə məruz qaldı, müstəqillik dövründə zindanlara atıldı. Beləliklə, ölkədə bugünkü faciəvi vəziyyət yarandı”.