AranNews-in məlumatına görə, “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü” münasibətilə Təbriz Azad İslam Universitetində keçirilən konfransda çıxış edən Təbriz Universitetinin hüquq və sosial elmlər fakültəsinin dekanı və siyasi elmlər kafedrasının müdiri doktor Rəcəb İzədi 19 yanvarda baş vermiş hadisə barədə açıqlama verərək deyib: “Rusların Zaqafqaziya adlandırdığı Araz çayının yuxarı əraziləri Rusiya-İran müharibəsinə; 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinin imzalanmasına qədər İran əraziləri olmuşdur. Bu bölgələrin mədəniyyəti, yazı əsərləri iranlı olmuş, bütün şerləri farsca yazılmışdır. Məsələn Nizaminin “Xəmsə”si farsca yazılmış ən sanballı əsərlərdən sayılır. Lakin bu əsəri Azərbaycan Respublikası öz əlifbasına çevirərək, oranın əhalisinə təqdim etmişdir.”
Doktor İzədi daha sonra rusların işğalçılıq hərəkətinə, Qafqaz və Orta Asiya səmtinə irəliləməsinə, Qafqazda İran əleyhinə siyasətlərinə toxunaraq deyib: “İranlılıq və fars dilinə qarşı mübarizə rusların izlədiyi ən mühüm siyasətlərdən olmuşdur. Bu məntəqənin 150-180 il bundan əvvəlki yazılı əsərlərinə diqqət etsəniz onların hansı əlifba ilə yazıldığını görəcəksiniz. Amma biz bunları heç dilə gətirmirik... 1917-ci il oktyabr inqilabından sonra Qafqazda din və İslama qarşı mübarizə də başladı. Kommunist hakimiyyəti öz ideologiyası ilə uyğun gəlmədiyi üçün dini şəxsiyyətlərə qarşı repressiyalara başladılar, məscidləri bağladılar, dağıtdılar, yaxud onun funksiyasını dəyişdilər, dini təzahürlər qadağan oldu, dini fəaliyyətlərin dairəsi çox kiçildi, İslamı və şiəliyi camiədən məhv etməyə təlaş olundu.”
Doktor İzədi daha sonra ikinci dünya müharibəsi zamanı İranın sovet hökuməti tərəfindən işğal olunmasına, Azərbaycan SSR Kommunist Partiyasının başçısı Mircəfər Bağırovun xəyanətlərinə toxunub, həmin dövrdə tarixin təhrif olunması istiqamətində bir çox işlər görüldüyünü, həsrət ədəbiyyatının yaradılmasını və qondarma Cənubi Azərbaycan adının yaradılmasını izah edib.
Təbriz Universitetinin professoru SSRİ-nin parçalanması günlərində Azərbaycanda baş verən vəziyyətdən də danışaraq deyib: “Əsasən, Xalq Cəbhəsi Partiyasının təşkilatçılığı ilə bir qrup 1989-cu il 31 dekabrda İran sərhədlərinə tərəf gəldi, təfriqə xarakterli və İranın milli vəhdəti əleyinə şüarlar səsləndirdi. Onların hərəkəti SSRİ-nin işğalçılıq siyasəti ilə eyni məqsəd daşıyırdı. Amma 1990-cı il 19 yanvarda əsasən Naxçıvan əhalisindən ibarət digər bir qrup İran sərhədlətinə toplaşdı, öz əsillərinə, iranlı tarixlərinə qayıtmaq istədiklərini elan etdilər. Onlar deyirdilər ki, biz islami və şiə tariximizə qayıtmaq istəyirik, biz də müsəlmanıq, Əhli-beyt (ə) məktəbinə bağlıyıq, Arazın cənubuna baxdıqda ürəyimiz Qum, Məşhəd, Tehran və Təbriz üçün döyünür. Bu ikinci qrup iki iş gördü: birincisi budur ki, onlar İran sərhədlərinə gəlib təfriqə xarakterli şüar verən birinci qrupa cavab verdilər; ikincisi budur ki, öz kimliklərinin ardınca olduqlarını açıqladılar. Biz də bu konfransa ikinci qrupun bu hərəkətinə görə toplaşmışıq.”
Doktor İzədi çıxışının davamında Azərbaycanın dövlət adamlarına müraciət edərək deyib: “Bizim məqsədimiz birlik yaratmaqdır, hakimiyyət haqqı və qonşu ölkənin müstəqilliyi ilə işimiz yoxdur. Özünüz də bilirsiniz ki, ən çətin vəziyyətdə siz tərəfdən ən çox iltifatsızlıqla üzləşdiyimiz bir zamanlar da əlaqəmizi sizinlə ən yüksək səviyyədə qoruyub saxladıq. Amma gözləntimiz budur ki, Azərbaycan hökuməti öz müsəlman əhalisinin istəklərinə diqqət etsin, onların dini mərasimlərinin, Aşura əzadarlıqlarının qarşısını almasın, şiə ölkəsi olan İrana qarşı sevgi bəslədiklərinə görə onları həbs edib zindana salmasın. Ali Məqamlı Rəhbər də bu barədə Azərbaycan Respublikası prezidentinə tövsiyə etmiş, onu xalqın istəklərinə hörmətlə yanaşmağa dəvət etmişdir.
Hər halda biz Qafqazın 17 şəhərinin İrandan ayrılmasını qəbul etmişik, amma necə olsa da bu şəhərlər İran dünyasının bir hissəsi hesab olunur, İran-İslam mədəniyyət və sivilizasiyasının bir hissəsidir. Azərbaycanın özü də İranın mədəniyyət və sivilizasiyasının əsl oyanış yerlərindən hesab olunur.”
Doktor İzədi çıxışının davamında düşmənin millətçiliyi təhrik etməsinə, sionist rejimin, Ərəbistanın və bir sıra Avropa ölkələrinin İranda xalqlar arasında fitnə törətmək planlarına işarə edib, dövlət məsullarını bu məsələdə daha diqqətli olmağa çağırıb.
Təbriz Universitetinin müəllimi çıxışının sonunda İran dövlətini və xalqını Azərbaycan Respublikasının xeyirxahı və dostu adlandırıb, Azərbaycanın dövlət adamlarına müraciət edərək deyib: “Azərbaycan Respublikası xalqı İrana, İran mədəniyyət və sivilizasiyasına, Əhli-Beyt (ə) məktəbinə sevgi bəsləyir. Bizim də Azərbaycanın dövlətindən gözləntimiz budur ki, İrana və onun xalqına yaxınlaşsın.”