Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah paytaxt Beyrutda təşkil olunan Kuneytra şəhidlərinin ildönümü mərasimində etdiyi çıxışında mühüm açıqlamalar verib.
Arannews-Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Nəsrullah çıxışına başlamazdan əvvəl şəhidlərin ailələri və yaxınlarına başsağlığı verib: “Bu şəhidlərin göstərdiyi fədakarlıqlar olmasaydı indiki təhlükəsizliyə nail ola bilməzdik. Şəhidlərin ölkəmiz ilə regiondakı əhəmiyyətini qeyd etmək lazımdır. Şəhidlərin tökdüyü qanlar, ölkəmizin azad olması, əsirlərimizin azadlığa buraxılması ilə yanaşı, İŞİD və təkfirçi terror təşkilatların məğlub edilməsi üzərində həlledici amildir”.Nəsrullah çıxışında, həmçinin ABŞ-ın Hizbullahla bağlı iddialarına toxunub: “Amerikanın Hizbullaha qarşı səsləndirdiyi narkotik qaçaqmalçılığı ittihamı tamamilə əsassızdır. Çünki bu ticarət İsrail rejiminə qarşı edilsə də, bizim üçün haramdır və bu iddia isə, bizə qarşı başladılan bir müharibədir. Halbuki Hizbullah, terrora qarşı mübarizə aparan ən mühüm güclərdən biridir”.
Hizbullahın lideri işğal altında olan torpaqların 13 sərhəd məntəqəsində İsrail rejimi ilə yaranmış münaqişələrə toxunaraq, belə danışıb: “İsrail rejiminə Livanın xəbərdarlıqlarını ciddi yanaşmasını tövsiyə edirəm. Əks təqdirdə müqavimət qüvvələri bu mövzudakı vəzifələrini yerinə yetirərək, Livan dövləti ordusunun yanında dayanacaq.
Seyid Həsən Nəsrullah Livanda keçirilməsi planlaşdırılan parlament seçkilərini isə belə qiymətləndirib: “Seçki dövrünə var gücümüzlə daxil olmuşuq və hazırda hər hansı bir siyasi qrupun seçkilərin təxirə salınmasını istədiyini düşünmürük. Qarşılıqlı ittihamlar səsləndirmək ölkəni daha da qarışıq bir vəziyyətə sürükləyəcək. Kiminsə təcrid olunması düzgün deyil və biz də bunun əleyhinəyik. Çünki ortadakı ən böyük həqiqət dialoq və müzakirədir və bu istisna edilməməlidir”.
Hizbullahın lideri çıxışında bunları da qeyd edib: “İndi regionda baş verənlər, ABŞ-ın planlarını gün işığına çıxarır. Biz əvvəllər də bunların hamısını söyləmişdik. Onlar İŞİD-in geri qayıtması ehtimalını bəhanə edərək, İraq ilə Suriyadakı mövcudluqlarını davam etdirmək istəyirlər. Halbuki bütün dünyada bilir və Tramp şəxsən özü də etiraf etmişdi ki, İŞİD ABŞ tərəfindən yaradılıb. İraqlılarla suriyalılar İŞİD-in geri qayıtmasına mane olacaq və ABŞ-ın bu məsələdə etdikləri bir fitnədir”.