Tarix : 2018 Jan 22
Kod 54146

Qum Elmi Hövzəsi: Azərbaycanlı tələbələrin 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatı

“Tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş qanlı Yanvar faciəsindən artıq 28 il ötür. Unudulması mümkün olmayan bu qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir...”

Arannews- ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müqəddəs Qum Elmi Hövzəsində təhsil alan Azərbaycanlı tələbələr 20 Yanvar faciəsinin 28-ci ildönümünü ilə əlaqədar bəyanat yayıblar.

Redaksiyamıza daxil olan məlumata görə, Bəyanatda deyilir:
Bismillahir Rəhmanir Rəhim
"Tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş qanlı Yanvar faciəsindən artıq 28 il ötür. Unudulması mümkün olmayan bu qətliam, insanlığa qarşı törədilmiş qatı cinayət hər dəfə ürək ağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix təkcə acılarla xatırlanmayan, həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir. Bizim Azərbaycanın müstəqilliyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız əbədidir.
Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 170 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 800 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi. Yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri şəhid olmuş, yaralanmışlar. Hətta yanvarın 20-də fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər uca Şəhidlik məqamına çatdırılmışdır. Hücum zamanı qadağan edilmiş silah və sursatdan istifadə olunmuş, yaralılar yerindəcə güllələnmiş, ağır hərbi texnikanın tırtılları altına salınmışlar. Azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün hətta cəsədləri məhv etmişlər.
İalamın əleyhinə törədilmiş bu dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulsa da, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar faciəsinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib. Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, dini, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi dəyəndirilir.
Bəyanat, İslam Konfransına, Bitərəflər Konfransına, BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına xitab olunur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

  • Yazılıb
  • da (də) 2018 Jan 22
  • Göndərən مدير سايت Aran News