Ötən gün 20 yanvar faciəsinin 28 illiyinin qeyd olunması həmin günlərdə baş verənləri, xüsusilə Sovet ordusunun Bakıya çağırılması barədə müzakirələri yenidən aktuallaşdırıb.
Arannews-Bildirilir ki, hazırkı Baş nazir Artur Rasizadə o vaxt SSRİ rəhbərliyinə teleqram vuraraq sabitlik yaratmaq üçün ordunu Bakıya çağırıb.
Bu barədə ilk informasiyanın 1991-ci ildə “Azadlıq” qəzetində dərc olunduğu deyilir. Məlumatı qəzetin o zamankı redaktorlarından Surxay Hüseynli də “Facebook”dakı şərhlərində təsdiqləyib.
“Onda Nazirlər Sovetindən belə teleqramların olduğunu təsdiq etmişdilər. Bildirmişdilər ki, Baş nazirin birinci müavini Artur Rəsizadənin imzası ilə Moskvaya 3 teleqram vurulub. Teleqramlarda qoşunların yerləşdirilməsi, ərzaqla təmin olunması və digər texniki məsələlərdən söhbət gedib. Əsas xətt ordunun Azərbaycan paytaxtına yeridərək sabitliyin təmin olunması idi”.
Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov hələ 2010-cu ildə “Turan” İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu barədə danışıb. Onun dedikləri Azadlıq Radiosunda müzakirə olunub.
Həmin məqalədə 20 yanvar deputat istintaq komissiyasında işçi qrupunun rəhbəri olmuş Səftər Nəhmədov da faktı təsdiqləyib. Deyib ki, əslində belə teleqramlar tək Artur Rəsizadənin imzasıyla getməyib, o vaxt komissiya bu hadisələri araşdıranda üzə çıxıb ki, yanvarın 13-dən sonra bütün dövlət qurumlarına tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər.
“Bu, tamamilə həqiqətdir. İndi ola bilər ki, həmin şifrəli teleqramlar Moskvada olduğuna görə heç kim bunu boynuna almasın, amma biz o dövrdə komissiyada işləyəndə rayonların hamısına sorğu göndərmişdik. Və belə bir fakt ortalığa çıxmışdı. Misal üçün o vaxt Neftçala rayon icra komitəsinin sədri bizə cavab yazmışdı ki, bəli, sərhəd rayonu olduğu üçün Neftçalaya qoşun yeridilməsi qanunauyğun olub. Etibar Məmmədov məlumatlı şəxsdir. Bu baxımdan da onun dedikləri həqiqətdir”.
1992-ci ildə AXC hakimiyyətə gələndən sonra Nazirlər Kabinetində aparat rəhbəri vəzifəsində çalışan, hazırda ABŞ-da mühacir həyatı yaşayan Ramis Yunus isə Meydan TV-yə deyib ki, o, Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı həmin ilin avqustunda görüb:
“Baş nazir Rəhim Hüseynov idi. Aparat rəhbəri olduğumdan bütün şöbələrlə bərabər məxfi şöbə də mənə tabe idi. 20 yanvar faciəsi ilə əlaqədar Respublika Prokurorluğunda İstintaq Komissiyası yaradılmışdı, AXC hakimiyyətə bir neçə ay idi gəlmişdi və hadisənin istintaqı yenilənmişdi. Bütün detallar araşdırılırdı. Ayaz Mütəllibovun hakimiyyəti zamanı dövlət katibi Midhət Abbasovun sədrliyi ilə yaradılan komissiya fəaliyyətdə idi. Elə vəziyyət yaranmışdı ki, əsas sənədlər Nazirlər Kabinetində idi və dövlət müşaviri İxtiyar Şirinov məndən xahiş etdi ki, istintaqa yardım edim.
İstintaqın nümayəndələri Nazirlər Kabinetinə gəlib gərəkli sənədləri istəmişdilər. Həmin müstəntiqlərdən birinin adı Məzahir idi, sonradan Vaqif Axundovun tabeliyinə keçdi. Digər sənədlərlə birgə Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı da aktlaşdırıb müstəntiqlərə təqdim etdim. Əslində, həmin sənəd teleqram yox, “şifrəli teleqram” adlanır, “şifroqrama” deyilir. Xüsusi poçtla göndərildiyindən hər adam oxuya bilmirdi”.
Ramis Yunus deyir ki, istintaq uzandığından Artur Rasızadənin həbs olunması məsələsi gündəmə gəlmədi. Hakimiyyət dəyişəndən sonra isə bu məsələ gündəmdən çıxdı.
Ramis Yunus teleqramı oxuduğunu təsdiqləyib:
“Təbii ki, sənəd rus dilində idi və indiki Baş nazirin imzası vardı. Teleqramın məzmunu təxminən belə idi: “Bakı şəhərində Sovet İttifaqının əleyhinə təxribatlar aparılır və bu, SSRİ-yə qarşı ideoloji hərəkatı gücləndirib. Gedişat respublikada sovet hakimiyyətinin çökməsi təhlükəsini yaradıb. Azərbaycan rəhbərliyi tərəfindən xahiş edirik, situasiyanı sabitləşdirmək üçün hərbi heyət göndərəsiniz, əks təqdirdə hakimiyyət təxribatçıların əlinə keçəcək”.
Bu gün Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun və Nazirlər Kabinetinin sədri Ayaz Mütəllibovun da ordunun yeridilməsində rolunu vurğulayırlar. Ancaq mən onların imzası ilə heç bir sənədə rast gəlməmişəm. Bəli, adları çəkilən hər iki şəxs məsuliyyət daşıyırdı¸ Vəzirov respublikanın Birinci katibi idi, Mütəllibov isə 20 yanvardan sonra Birinci katib təyin edildi. Artur Rasızadə həmin vaxt Baş nazirin birinci müavini olmaqla bərabər Mərkəzi Komitənin büro üzvü idi. O zaman Nazirlər Kabinetində büronun üzvü iki nəfər idi; Baş nazir və birinci müavini. Sadəcə, Baş nazirin səlahiyyətlərini həyata keçirən şəxs olaraq sənədə o imza atıb. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Ramiz Mehdiyev Prezident Aparatında ümumi şöbənin müdiri, Artur Rasizadə də ona köməkçi təyin edildi. Bir neçə il sonra Ramiz Mehdiyev aparatın rəhbəri, Artur Rasizadə isə Baş nazir oldu. Artur Rasizadə heç vaxt siyasi fiqur olmasa da, həmişə Heydər Əliyevin adamı olub”.
Rəsmi məlumatlara əsasən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib. Aksiyada məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.
Əməliyyat SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanaraq həyata keçirilmişdi və "Zərbə" adlanırdı. Əməliyyatda əsas rolu "ALFA" xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayırdı.
Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-15-də baş vermiş erməni qiyamları olmuşdu. Lakin qoşunlar gələnə kimi bu qiyamlar dayandırılmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb.