Arannews:meydan.tv-Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda vəkil Fariz Namazlı vəsatətlə çıxış edib. Onun sözlərinə görə, Əhsən Nuruzadənin şübhəli şəxs qismində saxlanması protokolunda yazılıb ki, ailə üzvlərinə məlumat verilib. Vəkil deyib ki, onun anası Zeynəb Hüseynova 6 oktyabr 2017-ci ildə oğlunun yenidən yoxa çıxması ilə əlaqədar DİN-in 102 xidmətinə müraciət edib, ertəsi gün də 18-ci bölməyə yazılı ərizə təqdim edib.Hər iki müraciət əsasında material açılıb, araşdırma nəticəsində cinayət işinin rədd olunması haqda qərar çıxarılıb. Qərarda da yazılıb ki, Ə.Nuruzadənin harada olduğunu onlar da müəyyənləşdirə bilməyiblər. Sonradan DİN-in baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlandığı haqda məlumat alıblar:
"Bu qərar göstərir ki, ailə üzvlərinə xəbər verməsi haqda protokolda yazılanlar yalandır. Həmin qərarın cinayət işinin materiallarına əlavə olunmasını istəyirik".
Məhkəmə vəsatəti təmin edib.
Vəkil digər vəsatətində deyib ki, hal şahidi Namət İbrahimov xroniki alkoqolizmdən əziyyət çəkir:
"Respublika Narkoloji Mərkəzindən verilən cavabda yazılıb ki, bu şəxs xroniki alkoqolizm və psixi fəaliyyətin pozulması diaqnozu ilə 2014-cü ildən mərkəzdə qeydiyyatdadır. Ona görə də hal şahidi ola bilməz. Ona görə də hal şahidi qismində ifadəsinin, üzləşmə protokolunun yolverilməz sübut kimi xaric olunmasını istəyirik".
Məhkəmə vəsatəti təmin etməyib.
İclasda Ə.Nuruzadə ifadə verib. Bildirib ki, həbsindən əvvəl iki dəfə oğurlanıb, BMCMİ-də saxlanılıb, hər iki halda, saxta protokol tərtib edilərək həbs olunub. İdarədə saxlandığı müddətdə qeyri-rəsmi dindirildiyini, Milli Şura, Əli Kərimli, hüquq müdafiəçiləri, media nümayəndələri ilə bağlı sorğu- sual edildiyini, bu yoldan çəkilməyəcəyi təqdirdə gələcəkdə cinayət işi açılıb uzunmüddətli həbsə göndərilməsi haqda xəbərdarlıq edildiyini deyən Ə. Nuruzadə bildirib ki, fiziki, psixoloji işgəncələrə məruz qalıb:
" 2 oktyabrda ikinci dəfə inzibati həbsdən çıxdım. Müxalifətin 7 oktyabrda mitinqi vardı, mən ayın 5-də öz “Facebook” səhifəmdən o mitinqə çağırış elədim. 6 oktyabrda taksi ilə Nardaran hadisələrinə görə tutulanların məhkəməsinə gedəndə qara "Jeep" taksinin qarşısını kəsdi. Məni düşürüb öz maşınlarına mindirdilər. 7-8 dəqiqə elə maşında döydülər, sonra idarəyə gətirdilər. Əllərim qandallı vəziyyətdə idi. Bir nəfər cibimə bükülünü qoydu, hal şahidlərini dəvət eləyib, onu çıxartdılar. Dedilər, yoldan tapdığımı deyim. Vəkil tələb elədim, imkan vermədilər".
Proses fevralın 6-da davam edəcək.
Ə. Nuruzadə narkotik dövriyyəsində təqsirləndirilir. Lakin o, ittihamı qəbul etmir və saxta adlandırır.