Tarix : 2018 Jan 24
Kod 54169

AİP rəhbərliyi partiya funksioneri Akif Heydərlini yubiley münasibəti ilə təbrik edib

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Hacı Akif Heydərlinin 60 yaşı tamam olur

Arannews-Akif Heydərli 24 yanvar 1958-ci ildə anadan olub. ADU-da (indiki BDU) jurnalistika və hüquq təhsili alıb. 1988-ci ildə başlayan milli azadlıq hərəkatında iştirak edib. Əsas siyasi fəaliyyətə 1994-cü ildə AİP-də başlayıb və bu qurumun Xətai rayon komitəsində siyasi şöbəyə, 2000-ci ildə isə partiyanın nəzdində yaradılan seçki komissiyasına rəhbərlik edib. 2003-cü ildə AİP-in mərhum sədri Hacı Əlikram Əliyevin təkidi ilə Azərbaycançı Qüvvələr Birliyi (AQB) Analitik İnformasiya Mərkəzinin rəhbəri olub. 2004-cü ildən AİP mətbuat xidmətinə rəhbərlik edib. 2011-ci ildən rəsmən və əvvəllərdə qismən partiyanın siyasi bölməsinin işini aparıb.
A.Heydərli siyasi ekspert və politoloq kimi ayrı-ayrı mətbu orqanlarda özünəməxsus, maraqlı proqnozları və çıxışları ilə tanınır.
AİP-in sədr əvəzi Hacı İlham Əliyev yubiley münasibətilə Akif Heydərlini təbrik edib. Təbrikdə deyilir:
“Dəyərli Hacı Akif Heydərli!
Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, Allah-Taaladan can sağlığı, uzun və bərəkətli ömür arzulayıram.
Siz uzun illərdir İslam Partiyasının rəhbərliyində çalışırsınız. Bu illər ərzində AİP-in bir siyasi qurum kimi uğurlarında sizin böyük rolunuz olub. Partiyanın inkişafı və təbliğində, qarşıya qoyduğu hədəflər uğrunda apardığınız mübarizə yüksək qiymətləndirilib. AİP-in önəm verdiyi milli-mənəvi, İslami dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması yönündə bütün gücünüzü, bilik və bacarığınızı sərf etmisiniz. Vətənimizin müstəqilliyinin qorunması, Qarabağ probleminin həlli istiqamətində fikir və düşüncələriniz, fəal vətəndaş mövqeyiniz həmişə yüksək dəyərləndirilib.
Bir daha sizi təbrik edir, haqq işi uğrunda apardığınız mübarizədə uğurlar diləyir və müqəddəs amallarının gerçəkləşməsini arzulayıram”.

  • Yazılıb
  • da (də) 2018 Jan 24
  • Göndərən مدير سايت Aran News