Tarix : 2018 Jan 24
Kod 54171

İlham Əliyev: Azərbaycanda medianın fəaliyyətinə məhdudiyyət yoxdur

“Azərbaycana qarşı media azadlığı ilə bağlı tənqidlərin əsası yoxdur”.
Arannews:meydan.tv-Bu açıqlamanı prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində səsləndirib.

Ölkə başçısı Azərbaycanda bütün əsas azadlıqların təmin olunduğunu bildirib:

“Buraya media azadlığı da aiddir ki, Azərbaycanda media tamamilə azaddır.  Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.

Media azadlığı ilə bağlı reytinqlərdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı cavablandıran İlham Əliyev “bu, siyasi səbəblərlə bağlıdır”,- deyib:

“Reallığı dəyişmək olmaz. Bir daha deyirəm ki, Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihə həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən isə bu, düşməncəsinə yanaşmadır. Bu reytinqlər qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq. Azərbaycanda daxili risklər yoxdur, siyasi və iqtisadi stabillik var. Bizim üzləşə biləcəyimiz istənilən risk xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara cəlb etməklə bağlı bir sıra cəhdlər olub. Lakin biz heç kəsə qarşı oynamırıq, riskli və milli maraqlarımıza zidd olan kampaniyalara qatılmırıq. Buna görə də bəziləri çox da böyük olmayan ölkə üçün Azərbaycanı çox müstəqil hesab edirlər. Bu kimi reytinqlər bizim nüfuzumuzu hörmətdən salmağa hədəflənib. Azərbaycanı qeyri-demokrat ölkə kimi göstərmək istəyiblər. Lakin bu. belə deyil. Siyasi inkişaf iqtisadi inkişafla bağlıdır. Dünya İqtisadi Forumunun açıqlamasına görə Azərbaycan iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb. Bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır”.

Prezidentin bəyanatını Meydan TV-yə şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə medianın azad olmadığını söyləyir. 

Mehman Əliyev sual edib ki, əgər saytlar bloklanırsa, media necə azad ola bilər:

Mehman Əliyev
Mehman Əliyev.

“Qanun var və qanuna əsasən sübut etsinlər ki, filan sayt qanunu pozub. Amma bunu edə bilmirlər. İkinci, jurnalistlər həbsdədirsə, medianın azad olduğunu necə iddia etmək olar? Üçüncü, media özünü dolandıra bilmədiyindən qeyri-leqal vəsaitlər hesabına qalır. Bugünlərdə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli jurnalistlər arasında sorğu keçirib, nəticəyə görə ötən il jurnalistlər gəlir əldə ediblər. Gəlir nə deməkdir, maaş və qonarar, amma sorğunun nəticəsindən jurnalistlərin qeyri-qanuni gəlir əldə etdiyi məlum olur. Burda hansı azadlıqdan danışmaq mümkündür? Yaxud teleradio kontentində hansı televiziya müstəqildir? İctimai, siyasi xadimlər, müstəqil iqtisadçılar televiziyalarda çıxış etmək imkanındadırlarmı və onların fəaliyyəti barədə xəbər verilirmi? Azərbaycan telekanalları media azadlığının güzgüsüdür. Adı ictimai olan televiziyada plüralizm yoxdursa, hansı azad mediadan danışmaq olar? Gətirdiklərim sübutdur və belə ölkədə media azad ola bilməz”.

Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılı prezidentin internet istifadəçilərinin 80 faiz olması barədə fikrini belə qiymətləndirir:

“Media azadlığını qiymətləndirərkən əhalinin internetə çatımı meyarlardan yalnız biridir. Üstəlik, birincisi də deyil. Ölkədə televiziya və radio proqramlarını ötürən kabel və ya radio dalğalarının mövcudluğu da, çap maşınlarının mövcudluğu da belə göstəricilər sırasında ola bilər. Əsas göstəricilər müstəqil media vasitələrinin işləmə imkanının təmin olunduğu mühitin varlığıdır. Yəni, hökuməti, korrupsiyanı, qanunsuzluğu, cinayətləri ifşa edən materialları hazırlamaq, yaya bilmək, oxucuya çatdıra bilmək və buna baxmayaraq reklam gəlirləri əldə edə bilmək, normal yaşamaq, həbsə atılmamaq imkanı varmı? Azərbaycanda müstəqil tənqidçi qəzetin nəinki çap olunub yayıla bilmək, heç yaşamaq imkanı da yoxdur. Online qəzet də onun kimi. Bir az tənqid olan kimi bloklama işə düşür. Hələ jurnalistin cinayət ittihamları ilə üzləşmə riskləri bir tərəfə”.

Rəşid Hacılı, foto: sosial şəbəkə
Rəşid Hacılı, foto: sosial şəbəkə.

Rəşid Hacılı deyib ki, teleradio sahəsində çox kiçicik nəfəslik imkanı belə yoxdur:

“Bütün kanallar hakimiyyətin tam nəzarəti altındadır. Kiçicik müstəqillik çabası göstərəni isə ən yaxşı halda ANS-in taleyi gözləyir. Həbsdə olan jurnalistlər, diffamasiya və s. ittihamlar da öz yerində. İnternetin sürəti, qiyməti və çatımlılığı baxımından da ən yaxın ölkələrə xeyli uduzuruq”.


  • Yazılıb
  • da (də) 2018 Jan 24
  • Göndərən مدير سايت Aran News