“Ötən ilin ilk yarısında sığınacaqla bağlı mənfi cavab alan 138 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib”.
Arannews-"Report" yazır ki, həmin şəxslərdən 98-i təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb.
Hava limanlarında göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə səhhətində problem yaşandığı üçün onu ölkədən çıxarmaq mümkün olmayıb.
“85 azərbaycanlı Dublin Konvensiyasına uyğun olaraq Avropa İttifaqında gəldikləri ilk Şengen dövlətinə göndəriliblər. Onların 27-si 18 yaşına çatmamış şəxslər olub.
Sığınacaqla bağlı mənfi cavabı alan 333 azərbaycanlı Almaniyanı könüllü olaraq tərk edib. 269 Azərbaycan vətəndaşı isə Almaniya hökumətinin həyata keçirdiyi Repatriasiya Proqramı çərçivəsində maliyyə yardımı müqabilində ölkəni könüllü tərk etməyə razı olublar. Bundan başqa, ötən ilin ilk yarısında altı azərbaycanlı Almaniya hava limanlarındakı sərhəd buraxılış məntəqələrindən, bir nəfər isə quru sərhəddən ölkəyə buraxılmayıb”.
2016-cı ildə isə sığınacaq müraciətinə mənfi cavab alan 93 azərbaycanlı ölkədən deportasiya edilib. Onların 87 nəfəri təyyarə ilə Azərbaycana, yerdə qalanları isə başqa ölkələrə göndərilib. Ötən il olduğu kimi 2016-cı ildə də hava limanlarında polisə göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə halı qəfil pisləşdiyi üçün deportasiyası təxirə salınıb.
“2015-ci ildə ümumilikdə 26 azərbaycanlı Almaniyadan çıxarılıb. Onlardan 19-cu təyyarə ilə Azərbaycana göndərilib, digərləri başqa ölkələrə. Bir nəfər hava limanında müqavimət göstərdiyi üçün deportasiyası təxirə salınıb. 136 Azərbaycan vətəndaşı maliyyə yardımı müqabilində Almaniyanı könüllü tərk edib.
23 nəfər hava limanından, bir nəfər isə quru sərhəddən ölkəyə buraxılmayıb. Səkkiz nəfərə qarşı Dublin Konvensiyası tətbiq edilərək digər Aİ ölkələrinə göndəriliblər”.
Almaniya Bundestaqının rəsmi saytında yerləşdirilən hesabatda bu ölkədən deportasiya edilən digər dövlətlərin vətəndaşları barədə məlumatlar da yer alıb. Məlumata görə, 2014-cü ildə Almaniyadan 120-dən artıq ölkənin 8557 vətəndaşı məcburi çıxarılıb. Həmin il ölkədən çıxarılanlar arasında birinci yeri Serbiya vətəndaşları (2 127 nəfər), ikinci yeri İtaliya vətəndaşları (830 nəfər), üçüncü yeri Makedoniya vətəndaşları (635 nəfər) tutub. 27 nəfər isə Azərbaycan vətəndaşları olub.
2016-cı ildə Almaniyaya sığınacaq üçün 4750 nəfər azərbaycanlı müraciət edib. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur.
Ann.az-a bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən bildiriblər. Məlumata görə, 2016-cı ildə daxil olan 4750 müraciətdən, yalnız 2722 müraciət barədə qərar verilib:
“Qalan 63,4 faiz müraciət əsassız hesab edilib. Sığınacaq istəyən 459 azərbaycanlı barədə müsbət qərar verilib. 537 azərbaycanlıya qarşı “Dublin Əsasnaməsinə” uyğun olaraq başqa sığınacaq prosedurları tətbiq edilib. 2015-ci ildə isə Almaniyadan 1497 Azərbaycan vətəndaşı sığınacaq istəyib. Həmin müraciətlərdən yalnız 390-ı barədə qərar verilib. 165 nəfərə rədd, 71 müraciətə müsbət cavab verilib. 154 nəfərə isə “Dublin Əsasnaməsinə” uyğun başqa sığınacaq prosedurları tətbiq edilib”.
''Son iki ildə Azərbaycandan vətəndaşların axını güclənib. İnsanlar həm iş, həm də daimi yaşayış üçün xaricə üz tuturlar. Səbəb isə birdir - iqtisadi böhran, gəlirlərin azalması, sosial vəziyyətin pisləşməsi, siyasi təqib, perspektivsizlik. Köç istiqamətləri də müxtəlifdir. Əsasən, Türkiyə, Almaniya, Çexiya, Rusiya, Kanadanı seçirlər'', - ReAL Hərəkatının icra katibi Natiq Cəfərli belə deyir.
2016-cı ilin yekunlarına görə, azərbaycanlılar daimi yaşayış üçün Türkiyəyə köçən xarici vətəndaşlar arasında ön sıradadır. Türkiyə Miqrasiya Xidmətinin (TMX) açıqlamasına görə, yaşamaq izni alan xaricilərin sayı 423 min nəfərə çatıb.
Ötən il TMX-dən icazə alan əcnəbilərin sayı da 9 faiz artıb. Siyahıya İraqlı mühacirlər liderlik edir; 56 min nəfər. İkinci yerdə suriyalı qaçqınlar gəlir; 49 min nəfər. Üçüncü yerdə isə azərbaycanlılardır; 39 mindən çox.
TMX-nin hesabatında qeyd edilir ki, 7 min 377 azərbaycanlı mühacir və onların ailə üzvləri artıq Türkiyədə yaşamaq üçün uzunmüddətli icazə alıb. Bu ölkədə uzun müddət qalmağı planlaşdıran əcnəbilər arasında azərbaycanlılar birinci yeri tutur.
Dövlət Statistika Komitəsi deyir ki, 2015-ci ildə 1557 nəfər başqa ölkələrdə daimi yaşamaq üçün Azərbaycanı tərk edib. Bunlardan 1394 mühacir MDB ölkələrinə, qalanları isə Qərb dövlətlərinə gedib. Xüsusən, ABŞ, Almaniya, İsrail, Estoniya, Latviya seçilib, amma Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya və hətta Ukraynada yerləşməyə qərar verənlər də var.
Sosioloq Cavid İmamoğlu deyir ki, əvvəlcə ölkəni tərk edənlərlə bağlı araşdırma aparılmalı, demoqrafiq göstəricilərinə baxılmalıdır. Bu insanların kimliyi, təhsili, gender məsələləri müəyyənləşdirilməlidir:
“Bunlar bilinmədiyindən vəziyyətin sosioloji baxımdan nə dərəcədə ciddi olduğunu söyləyə bilmirəm. Sırf qanunauyğunluqlar çərçivəsindən baxdıqda görürük ki, ölkədə özlərinə normal imkanlar yarada, ailə ehtiyaclarını qarşılaya bilməyənlər xarici ölkələrə üz tuturlar. Sonuncu devalvasiyadan sonra ölkədə hər şeyin pisliyə doğru getməsi ab-havası yarandı. Bunda sosial şəbəkələrin rolu da böyük oldu. Hamı durumun ağır, pis olduğunu yazdı, müzakirə etdi. Məncə, bu cür ab-havanın yaranmasına kənar müdaxilələr də oldu, özlüyündən yaranmadı. İnsanlar da yazılanlara inandılar. Nəticədə hamı bir-birini təkrarlamağa, ölkəni tərk etməyə başladı”.