Tarix : 2018 Jan 25
Kod 54180

Vəkil Aqil Layıcov: “Mənə heç nədən töhmət veriblər”

Yanvarın 22-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin hər iki vəkili – Fəxrəddin Mehdiyev vəAqil Layıcov cəzalandırıldı.

Arannews- F.Mehdiyevin vəkillik fəaliyyəti bir illik dayandırıldı, A.Layıcova isə töhmət verildi. Hər iki vəkil C.Hacıyevin həbsxanadan verdiyi müsahibənin mətbuatda yayılmasına görə günahkar bilinib.

Adları çəkilən vəkillərin heç biri onlar haqqında qərarın verildiyi iclasda iştirak etməyib. F.Mehdiyev bildirib ki, yanvarın 22-də günorta saatlarında Rəyasət Heyətinin sədr müavini Aydın Axundov onu zəng edib, təcili toplantıya çağıranda Kürdəxanıdakı istintaq təcridxanasına – hüquqlarını müdafiə etdiyi dustaqlardan birinin yanına gedirdi. Sədr müavininə də bunu deyib və iclasın başqa vaxta keçirilməsini istəyib, amma qarşı tərəf razılaşmayıb. Təcridxanadan çıxanda isə yenə də sədr müavini ona zəng edərək, fəaliyyətinin dayandırıldığı haqda məlumat verib.
Aqil Layıcov isə ümumiyyətlə, ölkədə olmayıb. O, yanvarın 22-nə keçən gecə xaricə gedib.
C.Hacıyevin müsahibəsinin yayılmasından sonra onun müdafiəçilərindən Vəkillər Kollegiyasına Baş prokurorun birinci müavini Rüstəm Usubov şikayət edib. Usubov vəkilləri istintaq sirrini yaymaqda günahlandırıb.
-F.Mehdiyev Vəkillər Kollegiyasının İntizam Komissiyasına verdiyi izahatında C.Hacıyevin hazırladığı açıqlamanı mətbuata verdiyini təsdiqləsə də, bu addımında heç bir qanun pozuntusu olmadığını bildirib. Deyib ki, C.Hacıyev mətbuatda özünün və ailə üzvlərinin ünvanına səsləndirilən ittihamlara, təhqirlərə cavab verib və bu, onun hüququdur. F.Mehdiyev həmçinin, həmkarı A.Layıcovun ümumiyyətlə, bu  məsələdə iştirakı olmadığını da qeyd edib.
A.Layıcov da sözügedən müsahibənin hazırlanması və mətbuatda yayılmasından xəbərsiz olması haqda izahat verib. Buna baxmayaraq, ona da cəza verilib.
A.Layıcov deyir ki, niyə cəzalandırıldığını özü də bilmir, çünki bunun üçün nəinki səbəb, heç bəhanə də olmayıb: “Mənə heç nədən töhmət veriblər. Hələ də nəyə görə verildiyini bilmirəm. İnanın ki, bilmirəm. Çünki bu məsələdə, hətta bəhanədən də söhbət gedə bilməz. Yəni mən bunun üçün bəhanə də verməmişəm. Amma zaman bütün məsələləri həll edir. Mən bu sənəti seçəndə belə töhmətləri də göz önünə alıb seçmişəm. Bu bir tarixdir. O tarix ki, hər kəsi sınaqdan keçirir…”
Qeyd edək ki, bundan öncə də ictimai-siyasi fəalların hüquqlarının müdafiəsini həyata keçirən bir sıra tanınmış vəkillər – Xalid Bağırov, Əlayif Həsənov, Müzəffər Baxışov, Aslan İsmayılov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Ən son noyabrın 20-də vəkil Yalçın İmanov eyni aqibətlə üzləşib. İmanov hüquqlarını müdafiə etdiyi Nardaran məhbusu Abbas Hüseynova saxlandığı Qobustan həbsxanasında işgəncə verilməsini ictimailəşdirdiyinə görə cəzalandırılıb. Kollegiya rəhbərliyi hesab edib ki, hüquqlarını müdafiə etdiyi şəxsə işgəncə verilsə də, vəkil mətbuata bu haqda danışmamalıydı.
Yerli və beynəlxalq insan haqları təşkilatları isə prinsipial, müstəqil vəkillərin sifarişləcəzalandırıldığı qənaətindədir.
Azadliq.info

  • Yazılıb
  • da (də) 2018 Jan 25
  • Göndərən مدير سايت Aran News