Avropa Məhkəməsinə ən çox şikayət olunan 7 ölkədən biri Azərbaycandır. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) illik hesabatında belə deyilir. Bildirilir ki, məhkəmənin icraatında olan şikayətlərin 4 faizə qədəri Azərbaycanındır. 25 faiz isə yerdə qalan dağılmaqda olan, hər min vətəndaşına 3-4 vəkil düşən 40 ölkədən daxil olan şikayətlərdir.
Əvvəlki illə müqayisədə 2017-ci ildə şikayətlər çoxalıb
Avropa Məhkəməsinə ən çox şikayət olunan 7 ölkədən biri Azərbaycandır. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) illik hesabatında belə deyilir. Bildirilir ki, məhkəmənin icraatında olan şikayətlərin 4 faizə qədəri Azərbaycanındır. 25 faiz isə yerdə qalan dağılmaqda olan, hər min vətəndaşına 3-4 vəkil düşən 40 ölkədən daxil olan şikayətlərdir.
Azərbaycan ilk 7-likdə
Məhkəmədə baxılmasını gözləyən şikayətlərin 75 faizə yaxını bu ölkələrin payına düşür: Rumıniya, Rusiya, Türkiyə, Ukrayna, İtaliya və Macarıstan. Rumıniyadan 9 min 900, Rusiyadan 7 min 750, Türkiyədən 7 min 500, Ukraynadan 7 min 100, İtaliyadan 4 min 650, Macarıstandan 3 min 550, Azərbaycandan isə 2 min 50 şikayət baxılmasını gözləyir.
Şikayətlərdə ciddi artım var
Ümumilikdə, 2017-ci ildə AİHM-ə müraciətlərin sayında ciddi artım olub. 2016-cı ildə məhkəməyə 53 min 400 şikayət daxil olmuşdusa, 2017-ci ildə bu, 63 min 400-ə çatıb.
Hesabatda qeyd olunur ki, Azərbaycandan daxil olan şikayətlərdə ciddi şəkildə artıb. 2017-ci ildə 679 şikayət. Bu rəqəm 2016-cı ildə 331, 2015-ci ildə isə 268 olub.
Əhali sayına düşən şikayətlər - Azərbaycandan hər 10 min nəfərin payına 0,69 şikayət düşüb. 2016-cı ildə 0,34, 2015-ci ildə isə hər 10 min vətəndaşa 0,28, şikayət düşürmüş.
Ermənistanda vəziyyət yaxşılığa doğru dəyişib. Belə ki, 2016-cı ildə hər 10 min vətəndaşa 2,51 şikayət düşürdüsə, 2017-ci ildə bu göstərici 1,19 şikayətə düşüb.
Gürcüstana isə hər 10 min nəfərə 0,24 şikayət düşür.
Bu kateqoriyanın “lider”i Türkiyədir - hər 10 min vətəndaşdan 3,25-i şikayət edir.
Azərbaycanla bağlı qərarlar
Hesabatda qeyd olunur ki, ötən il AİHM-da Azərbaycanla bağlı 26 qərar verilib. Ən çox azadlıq və toxunulmazlıq (11 işdə), ədalətli məhkəmə araşdırması (16) və birləşmək (16) hüququnun pozulduğu vurğulanır.
Ötən il Moldova haqda 16, Ermənistan və Gürcüstan haqda 12, Estoniya haqda 2 qərar verilib.
“Rekordçular” qonşu ölkələrdir - Rusiya 305, Türkiyə 116 qərar.
Azərbaycanla bağlı indiyədək 148 qərar verilib. Ən çox ədalətli məhkəmə araşdırması (60 işdə), azadlıq və toxunulmazlıq (45 işdə) hüquqları pozulub.
Şikayət edənlərin hamısı ümidini Avropa Məhkəməsinə bağlayır
Vəkil Əsabəli Mustafayev güman edir ki, statistika 2017-ci ilin yox, əvvəlki illərdə verilən ərizələrin qərarlarını özündə ehtiva edir.
Vəkil Meydan TV-yə açıqlamasında deyib ki, 2016-cı illə müqayisədə 2017-ci ildə şikayətlərin sayının artması insanların öz hüquqlarını müdafiə etməsindən irəli gəlir:
“Şikayət edənlərin hamısı ümidini Avropa Məhkəməsinə bəsləyir. Əvvəllər qəbul edilməyən ərizələrin sayı daha çox, yazanların sayı isə daha az idi, çünki peşəkarlıq indiki səviyyədə deyildi. Tədricən insanlar Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək üzrə ixtisaslaşıb. Ona görə də şikayətlərin qəbul edilmə sayı artır”.
Qərarların icrasında ciddi problemlər var
Hökumətin qərarları icra etməsinə gəlincə, vəkil deyir ki, burada iki amil var: Mahiyyəti, ümumi və fərdi məsələlər üzrə:
“Fərdi odur ki, ərizəçiyə kompensasiya ödənilir və işinə yenidən baxılır. Ümumi tədbirlər isə qanunvericilikdə, məhkəmə praktikasında dəyişikliklərdir ki, bunlar çox az tətbiq olunur. Hərçənd, var, məsələn, həbsdə saxlanma müddəti, əvvəllər müstəntiq cinayət işini məhkəməyə göndərirdisə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti avtomatik dayanırdı. Avropa Məhkəməsinin qərarları sayəsində Azərbaycanda bu norma dəyişildi, indi müddət ötürülürsə, qanun pozuntusu sayılır. Bundan əlavə, Avropa Məhkəməsinin qərarları və tövsiyələri hesabına həbs yerlərində saxlanılanların hüquqları ilə bağlı ciddi qanun qəbul olundu. Amma seçki, ifadə, sərbəst toplaşma azadlıqları ilə bağlı qərarlar var ki, bu sahədə olan qanunvericilikdə heç bir dəyişikliklər yoxdur. Fərdi tədbirlərə gəlincə, yalnız sabiq səhiyyə naziri Əli İnsanovun işinə yenidən baxıldığını demək olar. Amma onun barəsində olan hökm qüvvədə saxlanılıb. O cümlədən, müdafiə etdiyim bəzi işlər var, işgəncə, yaşamaq hüququnun pozuntusu və digər işlərə indiyə qədər baxılmayıb”.
Əsabəli Mustafayev deyir ki, əvvəlki illərdə maliyyə kompensasiyalarının ödənməsində heç bir məhdudiyyət yox idi, hökumət dərhal qərarı icra edirdi:
“Çox təəssüf ki, 2016-cı ilin əvvəlindən artıq çox ciddi nöqsanlar var. Həmin ilin fevralında qəbul olunmuş işlər üzrə ödənişlər hələ verilməyib və ümumiyyətlə, bir neçə aydır dayanıb. 2017-ci ilin yayında qəbul olunmuş qərarlar üzrə də ödənişlər verilməyib, böyük məbləğlər də deyil. Halbuki, ödənişin verilməsi haqda qərar 3 ay müddətinə icra olunmalı idi”.
Vəkilin sözlərinə görə, ümumi yanaşdıqda Avropa Məhkəməsinə mülkiyyətlə bağlı şikayətlər daha çox göndərilir:
“Səbəb son 3-4 ildə söküntüyə görə məhkəmələrə çoxlu şikayətlərin ünvanlanmasıdır. Məsələ ondadır ki, mülki işlərdə məhkəmə qərarlarının icra olunmaması həddindən artıq çoxdur. Cinayət işi üzrə məhkəmə qərarlarının icra olunmaması praktikada çox az rast gəlinir. Hazırda sərbəst toplaşmaq (Konvensiyanın 11-ci maddəsi), ifadə (10-cu maddə) azadlıqlarının pozulması daha çoxdur, xüsusilə son zamanlarda internetdə fəal olanlara cəzaların verilməsi geniş yayılıb. Bundan əlavə əsassız olaraq həbs-qətimkan tədbirinin seçilməsi (5-ci maddə) ilə bağlı şikayətlər artıb.
Hakimiyyət rəsmiləri hələ hesabatla bağlı açıqlama verməyiblər.
Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub.