“Mənə 20 il verməklə ürəkləri soyumayıb. Azərbaycan hakimiyyəti mənə qarşı düşmənçilik siyasətini davam etdirir”.
Arannews:meydan.tv-Bu sözləri məhkəmə prosesində “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə deyib.
Yanvarın 26-da Qaradağ Rayon Məhkəməsində həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin barəsində yeni açılmış cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Rufan Mürsəlovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
İclasda çıxış edən T. Bağırzadə deyib ki, ittiham əsassızdır:
“Bura mənim üçün tribunadır, öz sözümü deyə bilirəm. Azərbaycan xalqı ləyaqətli xalqdır, öz taleyini özü həll etməyə qadirdir. 1988-ci ildə xalq ayağa qalxdı, meydanlara axışdı. Bunun nəticəsində Azərbaycan xalqı “İlin xalqı” oldu. İndi bu hakimiyyət özü də başa düşür ki, o, bu xalqa layiq deyil. Onu ancaq mübarizə yolu ilə devirmək olar, öz xoşları ilə getmək istəmirlər. Azərbaycan xalqı artıq bunları istəmir, hakimiyyət də bunu bilir, görür.
Bu cinayət işi də saxtadır, orada çox şey müstəntiq tərəfindən yalan yazılıb, uydurulub".
T.Bağırzadə işə xitam verilməsini istəyib.
Onun vəkili Fariz Namazlı da cinayət işinə xitam verilməsini istəyib. Lakin vəsatət təmin edilməyib. Məhkəmənin baxışı fevralın 6-na təyin olunub.
T.Bağırzadə Cinayət Məcəlləsinin 317-2.1 (cəzaçəkmə müəssisəsində şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) maddəsi ilə ittiham olunur.
Məhkəməni izləməyə gələnlərin çox az bir hissəsi içəri buraxılıb.
T.Bağırzadə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunsa da, o, saxlandığı Qobustan həbsxanasından istintaq təcridxanasına köçürülməyib. Məhkəməyə elə Qobustan həbsxanasından gətirilib-aparılır.
Yeni ittihama görə, Qobustan həbsxanasında Taleh Bağırzadədən içində kartlarda “Qurani Kərim”, Quran təsviri və bu kimi başqa materiallar olan yeddi ədəd “microSD” tipli yaddaş kartları tapılıb.
İlahiyyatçının sözlərinə görə, cəzaçəkmə müəssisələrində, Qobustan həbsxanasında əksər məhkumlarda mini flaş kartlar var.
O, ittihamı saxta adlandırır.
Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün Taleh Bağırzadə ilə yanaşı, daha 16 nəfər saxlanılıb. Ümumiyyətlə, Nardaran əməliyyatından sonra 100-ə qədər adam həbs olunub.
Taleh Bağırzadə və digər həbs olunanlar onlara verilən qəsdən adam öldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. cinayətlərdə ittiham olunublar.
T.Bağırzadə məhkəmə hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.