Suriya prezidenti terrorizmlə mübarizədə suriyalı qüvvələrin qələbələrinə toxunaraq deyib: Suriya xalqı başda İran İslam Respublikası və Rusiya Federasiyası olmaqla dost ölkələrin əməkdaşlığı ilə terrorizmlə mübarizəsini davam etdirəcək.
Arannews-SANA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd şənbə günü İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə köməkçisi və İran İslam Respublikasının Astana prosesi üzrə baş müzakirəçisi Hüseyn Cabiri Ənsari ilə Dəməşqdə görüşdə deyib: Terrorizmlə mübarizənin davam etməsi Suriya böhranının dinc yolla həll edilməsinə şərait yaradır.Cabiri Ənsari də bu görüşdə bildirib: İran xalqı və dövləti Suriyaya əsasən də terrorizmlə mübarizədə, bu ölkəyə stabilliyin qayıtmasında və onun bərpasında dəstəyini davam etdirəcək.
Bəşşar Əsəd və Hüseyn Cabiri Ənsari İran və Suriyanın strateji əlaqələri, iki tərəfin bu əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsinə marağı, xüsusilə də terrorizmlə mübarizə və Suriya Milli Dialoq Konqresinin uğurla keçirilməsinə səy haqda danışıqlar aparıb və məsləhətləşiblər.
Suriya Milli Dialoq Konqresi 29-30 yanvarda Rusiyanın Soçi şəhərində keçiriləcək.