Tarix : 2018 Jan 30
Kod 54232

“Küfrdən fərqli olaraq zülmlə davam edən hakimiyyətin sonu yoxdur”

Bu gün Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə “İslamda ədalət və onun cəmiyyətdə bərqərar olunması uğrunda mübarizə” adlı tədbir keçirilib.

Arannews-İslaminSesi xəbər verir ki, tədbirdə ruhani alimlər, siyasi xadimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbir ilk öncə müqəddəs Qurani-Kərimin oxunuşu ilə açıq elan edilib.

 Bundan sonra tədbiri giriş nitqi ilə açıq elan edən Qələm Yazarlar Birliyinin rəhbəri Qurban Cəbrayıl ədalətin islam dininin əsas məsələlərindən biri olduğunu bildirdi. O, əlavə etdi ki, islam dini heç bir halda zülmlə və ədalətsizliklə barışmamağın tərəfdarıdır.

 Tədbirdə sonra çıxış üçün söz AİP-in sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevə verildi.

 Hacı İlham Əliyev çıxışı zamanı bildirdi ki, zindanlarda cəza çəkən əzizlərimiz zülmə məruz qalıblar: “Biz onları yaddan çıxmağa qoymamalıyıq. Bu cür tədbirlərlə, həmçinin öz yazılarımızla onları yad etməliyik. İctimai ədalət bütün sahələrdə, o cümlədən də cəmiyyətdə olduqca önəmlidir. Ədalətin bütün incəlikləri bu cür tədbirlərdə müzakirə olunmalı və cəmiyyətə aşılanmalıdır”.

 AİP-in sədr əvəzi qeyd edib ki, ədalət çox önəmli bir məfhumdur. Allah özünü tanıtdırmaq istədikdə buyurur ki, Allah vahiddir, heç bir şəriki yoxdur. Allah , mələklər və elm əhli şəhadət verir ki, Allah ədaləti bərpa edəndir, Adildir. Yəni Allah ilk növbədə yer üzərində ədaləti bərpa edən qüvvə kimi özünü təqdim edir. Aristoteldən bu yana bir çox dünya alimləri də “ədalət” haqqındakı fikirlərini cəmiyyətə çatdırıblar. Bu məfhumu əsasən iki cümlə ilə dolğun açıqlamaq mümkündür. “Ədalət” hər şeyi öz yerinə qoymaq və haqq sahibinin haqqını ona əta etmək deməkdir. Yəni bütün deyilən fikirlərin özəyində bu cümlələr dayanır. “

 Hacı İlham Əliyev qeyd edib ki, Allah Təalə bütün varlıq aləmini “ədalət” üzərində xəlq edib. Yəni hər şeyi öz yerində yaradıb: “Allah bütün qayda qanununu, şəriəti, nəzm-nizamı “ədalət” əsasında qurub. Heç kimin öz qürurunu tapdalanmış hiss etməməsi üçün, Allah Təalə bütün məsələləri zərrəsinə qədər nəzərə alıb”.

Ruhani alimin sözlərinə görə, Allah-Təala ayələrdə peyğəmbərlərin gəlişini bəyan edəndə, onlara ədalətli rəftarı buyurur. Digər bir ayədə Allah buyurur: “Biz peyğəmbərlər yolladıq. Peyğəmbərlərlə yanaşı ayələr, müqəddəs kitablar nazil etdik. Bunlar o məqsədlə nazil olub ki, ədalət bərpa edilsin”

.Hacı İlham Əliyev çıxışında ədalət haqda mükəmməl fikirlərin toplandığı “Nəhcül Bəlağə”dən də sitatlar gətirib. O, bildirib ki, Həzrət Əli (ə) ictimai və siyasi ədalətə hər zaman öz fikirlərində yer ayırıb. İmam Əli (ə) buyurur:

 “Ədalət hər bir təməldən daha möhkəmdir. Əgər hakimiyyətin təməlinin möhkəm olmasını istəyirsizsə ədalətə əməl edin. Zülm isə bütün şəhərləri viran edir”. Digər bir hədisdə isə buyurur: “ Hakimiyyət küfrlə davam edə bilər, zülmlə davam edən hakimiyyətin isə sonu yoxdur”.

 Daha sonra çıxış üçün söz Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevə verilib. O, bildirib ki, ədalət sözünün özündə bir işıq var. Riyakarlıq və ədalətsizlik isə zülmətə qərq olmuş sözdür: “Azərbaycan hökuməti İslama qarşı repressiyaları dəqiqliklə hesablayır. İslamçılara və İslam dininə qarşı atılan addımların nəticəsi öncədən hesablanır. Bu gün ədalətli cəmiyyət qurmaq üçün biz səmimi olmalıyıq. İlk növbədə əlimizdən alınan mənəviyyatımızı, mədəniyyətimizi , əxlaqımızı geri qaytarmalı və qorumalıyıq. Bu dəyərlərin qorunması, İslam dininin qorunması deməkdir”.

 Ardınca çıxış edən Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli bildirib ki, Allah Təala dünyanı ədalətlə yaratdı. Dünyada ədalətin örnəklərini qoydu: “Bu gün heç kimin ədalət haqda anlayışım yoxdur deməyə bəhanəsi mövcud deyil. Hətta müsəlman olmayan fransız alimi deyir ki, “Həzrət Əli (ə) ədalətinin şiddətindən şəhid oldu”. Yəni ədalətə boyun əyməyin, onu qoruyub saxlamağın və cəmiyyətə aşılamağın ən yaxşı nümunəsi şəhadətdir. Bu gün Həzrət Əli (ə) rəftarı, İmam Hüseyn (ə) məktəbi bizə əsl ədalətin nə demək olduğunu aşılayır”.

 Tədbirdə söz alan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də “ədalət” haqda fikirlərini bölüşüb. O, bildirib ki, İslam dini “ədalət” məfhumuna olduqca böyük önəm verir: “Ədalət məfhumu İslamda ən önəmli məsələlərdən biridir. İlahi dəyərlərin ədalətə yanaşmasını cəmiyyətə təlqin etməyi bacarsaq, insanlığa lazım olan, dünyanı rifah halına çıxardan nəticə əldə edərik”.

 Daha sonra çıxış üçün söz AİP-in Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verilib. O, bildirib ki, yerin-göyün Allah tərəfindən nizamlı formada yaradılması ədalətin nümunəsidir: “Biz “ədalətin” əsl nümunəsini İmam Əlinin (ə) həyatına nəzər yetirdikdə görə bilərik. Çünki Həzrət Əli (ə) özü ədalət nümunəsi idi. “Ədalət” İmam Əli (ə) ilə bərabər ölmədi. Bu gün zülmlə, ədalətsizliklə mübarizə aparan və məhbəs həyatı yaşayan inanclılar məhz İmam Əlinin (ə) ədalətindən bəhrələniblər və bu yolu davam etdirirlər”.

 Sonra çıxış edən digər tədbir iştirakçıları da ədalət və zülm mövzusunda bir-birindən dəyərli fikirlər səsləndiriblər.

 Tədbirin sonunda bir neçə ay bundan öncə inanclı məhbuslarla bağlı məktəblilər arasında elan edilmiş rəsm və inşa müsabiqəsinin qalibləri təltif edilib. İslaminSesi tədbirdən lentə aldığı fotoları oxucularına təqdim edir.


  • Yazılıb
  • da (də) 2018 Jan 30
  • Göndərən مدير سايت Aran News