Tarix : 2018 Jan 31
Kod 54240

Partiya fəalının həbs edildiyi deyilir

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) fəalı Hüseyn Həsənlinin inzibati qaydada həbs edildiyi bildirilir.

Arannews-Bu haqda KXCP-dən Xəzər Xəzər məlumat verib. Onun bildirdiyinə görə, KXCP Nərimanov rayon şöbəsinin üzvü H.Həsənlini şənbə günü - yanvarın 27-də axşam saatlarında polislər saxlayıb.

 «Hüseyn Həsənli Facebook-da, sosial şəbəkələrdə fəal idi. Həmin gün hansı səbəbdən saxlanması haqda məlumat verilmədi. Harada olması barədə də məlumat ala bilmədik», - deyən KXCP təmsilçisinin vurğulamasına görə, partiya fəalından bazar günü də xəbər ala bilməyiblər:
«Yalnız bu gün, yanvarın 30-da öyrəndik ki, Hüseyn Həsənli inzibati qaydada həbs edilib».
 X.Xəzərin deməsinə görə, Nərimanov Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb. H.Həsənlinin polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırıldığı bildirilir.
 KXCP təmsilçisi H.Həsənliyə ittihamın absurd olduğunu bildirib. Onun deməsinə görə, ailəsi ilə məsləhətləşmədən sonra H.Həsənli barəsində qərardan şikayət verilib-verilməməsinə aydınlıq gələcək.
 KXCP-nin bu açıqlamasına polisdən və Nərimanov Rayon Məhkəməsindən hələlik münasibət almaq mümkün olmayıb.
 Azadlıq Radiosu

  • Yazılıb
  • da (də) 2018 Jan 31
  • Göndərən مدير سايت Aran News