Tarix : 2018 Jan 31
Kod 54246

Soçidə keçirilən Suriyaarası milli dialoq konqresinin yekunları - 12 maddəlik bəyanat

Ötən gün Rusiyanın Soçi şəhərində Rusiya İran və Türkiyənin təşəbbüsü ilə Suriya münaqişəsinin nizamlanması üzrə Suriyanın 1500-dən çox milli, sosial, ictimai, dini və etnik nümayəndələrinin qatılımı ilə Milli Dialoq Konqresi keçirilib.
Arannews-Konqresin əsas məqsədi Suriyanın gələcək  taleyinin və yeni konstitusiyasının müəyyənləşdirilməsi olub. İslaminSesi.info "TASS"-a istinadla xəbər verir ki, konqres iştirakçıları yekunda 12 maddəlik bəyanat qəbul ediblər. Bu bəyanatda suriyalıların öz ölkələrinin gələcəyinə olan baxışları əks olunub.
Sənəddə xüsusilə qeyd olunur ki, Suriya öz suverenliyini və ərazi bütövlüyünü qorumalıdır, onun gələcəyini yalnız suriya xalqının özü seçki yolu ilə müəyyən edə bilər, Suriyanın ordusu vahid, güclü olmalı və konstitusiyanın göstərişlərinə uyğun hərəkət etməlidir, Suriyanın heç bir qarış torpağı müzakirə mövzusu ola bilməz, dövlətdə milli, dini, etnik, gender bərabərliyinə fərq qoyulmamalıdır, terrorizm, ekstremizm, fanatizmin sözsüz rədd edilməsi və onlara qarşı mübarizə, insan hüquqlarının müdafiəsi təmin edilməlidir.
Suriyalılar sənəddə həmçinin BMT-nin baş katibinə yaradılmış konstitusiya komissiyasının işinə kömək etməsi xahişi ilə müraciət ediblər. Yaradılmış konstitusiya komissiyasının mandatı Suriya üzrə BMT-nin başçılığında keçirilən Cenevrə danışıqlarında müəyyən ediləcək. Bu barədə məlumat çərşənbə axşamı Rusiya XİN-in mətbuatı tərəfindən verilib.
Suriyanın konstitusiya komissiyası
Suriya Konstitusiya Komissiyasının üzvlərinin seçilməsi meyarları və mandatı barədə qərar Cenevrə prosesi çərçivəsində qəbul olunacaq. Ona müxalifət və hökumət nümayəndələri daxil olacaq.
"Konstitusiya Komissiyasının tərkibinə ən azı, Suriyaarası danışıqlarda iştirak edən hökümət nümayəndələri və müxalifət, Suriya üzrə ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, bitərəflər, qəbilə liderləri və qadınlar daxil olacaq. Komitənin tərkibində etnik və dini qrupların proporsional təmsil olunması üçün tədbirlər görüləcəkdir. Konstitusiya Komissiyasının mandatı, iş qaydası, səlahiyyətləri, prosedur qaydaları, üzvlərinin seçilməsi və meyarları barədə son qərar Cenevrə prosesi çərçivəsində BMT-nin himayəsi altında qəbul olunacaq", -deyə sənədin 12 maddəsində deyilir.
BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura jurnalistlərə bildirib ki, konstitusiya komissiyasınını tərkibinə daxil olacaq şəxslərin sayı 50 nəfər olacaq. Bu barədə Rusiya,İran və Türkiyə BMT-yə 150 namizəd təqdim edəcək. 
ShareFacebookTwitterGoogle+LinkedInTumblrWhatsApp

  • Yazılıb
  • da (də) 2018 Jan 31
  • Göndərən مدير سايت Aran News