Tarix : 2018 Jan 31
Kod 54251

Hər bədbəxtlikdə özünü xoşbəxt hiss edən xalqın siqaret davası

Zatən bu xalq rüşvətxorluq, aclıq, kasıbçılıq, həbs, intihar, özünü yandırma, həbs edilmə, zülmə məruz qalma, savadsız, dini maarifin, intellekt səviyyəsinin az olması kimi bədbəxtliklərə düçar olub
arannews-Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən konfransda deyib ki, siqaret bədbəxtlikdir, pis vərdişdir. Onun insan orqanizminə xeyri yoxdur, əksinə zərəri var. Xaricə 160 milyon dollar gedir və s. Ən maraqlısı burasıdır: indi biz siqaret fabriki tikirik ki, xaricdən asılılıq azalsın. Ancaq xaricdən asılılığın azalmasında ən yaxşı hal o olardı ki, Azərbaycanda siqareti az çəksinlər. 
Ölkənin təqribən 80 faizi başına gələn hər bədbəxtlikdə özünü xoşbəxt hiss edir. Məsələn, acından ölən vətəndaş, evində qaz tapa bilməyən, işsiz-gücsüz insan özünü xoşbəxt hesab edir. Əslində bu analoqu olmayan bir dirənişdir, gələcəkdə şairlərin, yazıçıların, aşıqların, nə bilim meyxana deyənlərin əhsən deyib mədh edəcəyi bir xalqdır dözümlü xalqımız. Düzdür bu gün bir çox qəzet-jurnalların, xüsusilə yazıçıların (AYB-i nəzərdə tutmuram, çünki bizdə elə bir Birlik yoxdur) bizim dözümlü xalqın bu qəhrəmanlığından, olağanüstü (fövqəladi) dirəniş göstərməsindən yazmağa indiki vəziyyətdə "duxu" çatmaz, amma gələcəyə ümidlə baxmalıyıq.
Aha, gələcəyin qarşısını alan, insan ömrünü azaldan siqaretdən danışırdıq. 
Onu deyirdim ki, yazıq camaatımız hər dəfə bədbəxtlik üz verəndə özünü xoşbəxt hiss edir. Məsələn, deyir ki, yazıq balam qudurğan məmur balasının haram pulla aldığı maşının altında qalıb öldü, bunu özü üçün xoşbəxtlik hesab edir. Deyir şükür olsun ki, ikincisi yanımdadır. Əsgərlikdə intihar edən oğlu əlindən çıxsa da, şükür edib deyir ki, yaxşı ki, o biri oğlum sağ qaldı. Doğrudan da Azərbaycan kimi bir məmləkətdə sağ qalmaq böyük kişilik tələb edir. 
Amma İlham Əliyevin danışığından anlamadığım bir məsələ bu oldu ki, məgər öz ölkəmizdə siqaret istehsal etsək bu xalq ağ günə çıxacaq? Əlbəttə yox. İlham Əliyev özü bunu çox gözəl bilir. Sadəcə ölkədə siqaret fabrikinin tikilməsi ancaq onun da vurğuladığı kimi xaricdən olan asılılığı azaldacaq. Amma insanlar yenə də bədbəxt olmağa davam edəcəklər. Özü də mən inanmıram bu gedişlə xaricdən asılılıq azalsın. Çünki becəhənnəm hazırkı vəziyyətdə siqaret Azərbaycan xalqına yaxşı baxan, məhsullarının içinə zirzibil qatmayan hansısa bir qərb ölkəsindən gəlirsə arxayınçılıqdır ki, tütün təbii tütündür. Amma indi düşünün təbiilikdən heç bir əsər-əlamət olmayan ölkəmizdə siqaret istehsal edilsə camaatın mədə-bağırsağı ötən illərə nisbətdə daha pis günə qalacaq və ən yaxşı halda Astara-Biləsuvar keçid məntəqələrində İrana müalicəyə getmək üçün xəstələrin tıxacı əmələ gələcək. Bu da xaricdən olan asılılıq deməkdir.
Təbii ki, burada İlham Əliyev özü camaata siqaret satmır, çəkməyəni cəzalandırmır, çəkənə də "Vətənə xidmətə görə" ordeni ilə təltif etmir. İnsan gərək özü öz cansağlığını düşünsün. Belə də ki, İlham Əliyev sabah durub desə ki, "ay mənim dözümlü xalqım, siqaret çəkməyin" və siqaret çəkənləri Milli Şuranın mitinqinə gedənlərdən daha sərt şəkildə cəzalandırmaq istəsə yenə çəkən çəkəcək. Bu zarafat deyil ha, inqilaba qədər yolu var. 
Yaxşı yadıma gəlir, Sovet vaxtı lənətə gəlmiş Qorbaçov spirtli içkini qadağan eləmişdi. Camaat tərkibində spirt olan mayelər içir, maz yeyirdi. 
Yeri gəlmişkən ölkəmizdə efir məkanında siqaret çəkmək qadağandır. Üstəlik, bir dənə siqaret reklamına rast gəlməzsiniz. Amma ondan betər olan araq, şampan, çaxır, pivə isə tam azaddır. İstəyirsən dükanda sat, istəyirsən "şərab evi" işlət, yaxud restoranda iç dava sal, araq butulkasını çırp xalqın balasının başına. Ola bilər orqanizmə olan ziyanına görə siqaret araqdan daha pis olsun, amma siqaretdən indiyədək hansısa evin dağılmasını eşitməmişik. Arağın isə dağıtmadığı qəsr, şah sarayı yoxdur.
Düzdür, bayaq dediyimiz kimidir, heç kim siqaret çəkənləri siqaret çəkməyə məcbur etmir. Amma bunun qarşısını həm təbliğ yolu ilə (ziyanlarını çatdırmaqla) həm də müəyyən qədər icbari üsullarla aradan qaldırmaq lazımdır. Amma İlham Əliyevi şəxsən mən səmimi görmürəm. Çünki onun prezident olduğu ölkədə həm Səhiyyə nazirliyi siqaretlərin üzərində "siqaret çəkmək sizin sağlamlığınıza ziyandır" yazır, həm də o biri tərəfdən də İlham Əliyevin icazəsi ilə siqaret ölkədə azaddır, üstəlik siqaret fabriki açırlar. İlham Əliyev də xalqı inandırmaq istəyir ki, biz istəyirik camaat az siqaret çəksin. Kimin ürəyi öz ciyərlərini, içalatını yandıran siqaret çəkənlərə yanırsa ümumiyyətlə sabahdan siqaret zavodunun tikintisini dayandırsın. Yox əgər məqsədiniz xaricə 160 milyon dolların getməsini istəməməkdirsə elə buna görə də milyonlarla insan sizə inanmır. 
Zatən bu xalq rüşvətxorluq, aclıq, kasıbçılıq, həbs, intihar, özünü yandırma, həbs edilmə, zülmə məruz qalma, savadsız, dini maarifin, intellekt səviyyəsinin az olması kimi bədbəxtliklərə düçar olub, heç olmazsa bu xalqı siqaretin əlindən alın. Olan-qalan varlıqlarını heç olmasa qoruyub saxlaya bilsinlər. 

P.S. Bu iş də əgər bir manapoliya deyilsə mən adımı dəyişməyə hazıram.
  • Yazılıb
  • da (də) 2018 Jan 31
  • Göndərən مدير سايت Aran News