Arannews:meydan.tv-İlqar Məmmədovun həbsindən 5 il ötür. Ona 7 illik azadlıqdan məhrumetmə cəzası verilib. Həbsxana rəhbərliyi ona ancaq vəkilləri və ailəsi ilə görüşə icazə verir. O, dostları, məsləkdaşları ilə görüşdən məhrumdur. İnsan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də onun qeyd-şərtsiz azad olunmasını tələb edir. Amma o, hələ də həbsdədir.2013-cü il. Azərbaycanda növbəti prezident seçkiləri ili. Azərbaycan prezidenti İlham Əliyev üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürür.
Həmin ilin 23 yanvarında İsmayıllı rayonunda kütləvi iğtişaşlar başlayır. Əhali yerli hökumətin istefasını tələb edirdi. Nəticədə 60 nəfər həbs edildi. Polis və daxili qoşunlar etiraz aksiyalarını dağıtmaq üçün əhaliyə qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edir.
Bəzi müxalifət partiyaları və vətəndaş cəmiyyətinin nümayəndələri hadisə yerinə yollanır. Onların arasında ölkə prezidentinin siyasi rəqiblərindən biri, prezidentliyə namizəd İlqar Məmmədov da vardı.
Aksiyadan bir il sonra İlqar Məmmədova hökm oxundu. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunurdu.
İlqar Məmmədov kimdir?
Qısa arayış: İlqar Məmmədov 1970-ci ildə, Bakıda anadan olub. İxtisasca tarixçi və politoloqdur. 1994-2000-ci illərdə Bakı Dövlət
Universitetində elmi işçi olub. Milli Avrointeqrasiya İctimai Komitəsinin təsisçilərindən biri və Komitənin ilk sədri olub. O, 2007-ci ildən Avropa Şurasının Siyasi Elmlər Proqramının Azərbaycan üzrə direktorudur. 2006-cı ildən Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) – Azərbaycan Direktorlar Şurasının üzvüdür. 2011-ci ildən ReAl Hərəkatının sədridir.
İlqar Məmmədov əslində niyə həbs olundu?
2013-cü ildəki prezident seçkilərinə ReAl Hərəkatı öz liderləri İlqar Məmmədovun namizədliyini irəli sürmüşdü.
Siyasətçilər hesab edirlər ki, İlqar Məmmədov prezident İlham Əliyevin ən güclü siyasi rəqibi olduğu üçün hakimiyyəti narahat edib. Hökumət onda “Avropanın adamı”nı görüb.
Politoloq Hikmət Hacızadə bu fikirdədir. Deyir ki, “İlqarı həbs etməklə, bizim rəhbərlərimiz Avropaya demək istəyir ki, siz bizə göstəriş verməyin. Biz nə istəyirik, edirik. Biz bilirik, o, sizin adamınızdır, siz onu gələcək üçün hazırlayırsınız. Biz buna imkan verməyəcəyik. Biz sizi saya salmırıq, istədiyimizi edirik”.
Həmçinin, onun susdurulmaq və fəaliyyətinə mane olmaq üçün həbs edildiyi hesab olunur.
Avropa İnsan Haqlarının Müdafiə Mərkəzinin (EHRAC) hüquqi məsləhətçisi Ramute Remezayte bildirir:
«İnsan Haqları üzrə Avropa Məhkəməsi qərara gəlib ki, İlqar Məmmədov (müxalifət liderlərindən biri) susdurulmaq və hakimiyyəti tənqid etdiyinə görə cəzalandırmaq məqsədi ilə həbs edilib. Məhkəmə həmçinin qərara alib ki, Azərbaycan onun həbsini və aldığı cəzanı əsaslandıracaq heç bir dəlil tədqim etməyib».
İlqar Məmmədovun sədri olduğu ReAl Hərəkatı
ReAL Hərəkatı 2009-cu ildə yaranıb. Hərəkatı yaradan İlqar Məmmədov və yeni nəsil siyasətçilər idi. Ölkənin uğurlu siyasətçiləri, iqtisadçıları, hüquqşünasları, tarixçiləri...
Onları Azərbaycan müxalifətinin yeni siması adlandırmaq olardı. 2013-cü ildəki prezident seçkilərinə hərəkat öz namizədini irəli sürdü – İlqar Məmmədovu. Amma İlqar Məmmədovun həbsi onun seçkilərdə iştirakına imkan vermədi.
2014-cü ilin may ayında İnsan Haqları üzrə Avropa Məhkəməsi İlqar Məmmədovun həbsini siyasi motivli həbs kimi qəbul elədi. Məhkəmə onun qeyd-şərtsiz azadlığa buraxılmasını və Azərbaycanın ona 22 min avro müqabilində təzminat ödəməyini tələb elədi. Amma təzminatı ödəyən hökumət, İlqar Məmmədovu azadlığa buraxmaqdan imtina etdi.
İlqar Məmmədov azad edilməzsə, Azərbaycanı nə gözləyir?
2017-ci ilin sonlarında Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul etdi.
Qərbdən olan ekspertlər, İlqar azad edilməyəcəyi təqdirdə, Azərbaycanın Avropa Şurası üzvlüyündən çıxarılması ehtimalının olduğunu deyirlər.
Ramute Remezayte, Avropa İnsan Haqlarının Müdafiə Mərkəzinin (EHRAC) hüquqi məsləhətçisi:
“Bu, ilk haldır ki, Avropa Şurası üzvü olan ölkəyə qarşı pozuntu işi üzrə aydınlaşdırma prosesi qaldırılır. Bununla bağlı qərar ən yüksək səviyyədə qəbul olunub. Bir müxalifət liderinin heç bir qanuni əsas olmadan həbsdə qalması 47 Avropa ölkəsini narahat edir. Nazirlər Şurası Məhkəməyə məsələyə baxmaq və qərar qəbul etməyi üçün muraciət edib. İşə məhkəmənin ən ali orqanı olan, 17 hakimdən ibarət olan Böyük Palata baxacaq. Məhkəmə qərara alsa ki, Azərbaycan qərarı icra etməyib, bu, Azərbaycanın insan haqları, qanunun aliliyi və demokratiya kimi təməl Avropa prinsiplərinə (Avropa Şurası Nizamnaməsindəki 3-cü maddəsində qeyd edilmiş öhdəlik) riayət etmədiyinin rəsmi təsdiqi olacaq. 3-cü maddəni ciddi pozmaq faktı isə üzvlüyün dayandırılması və hətta qurumdan çıxarılma üçün əsas hesab edilə bilər”.