Tarix : 2018 Feb 06
Kod 54306

Başından iylənən balıq naziri

"Moykada" maşın yuyan bir şəxsin prezidentliyə hansı pulla namizəd olması barədə özünüz düşünərsiniz, amma məni düşündürən odur ki, bu Hafiz Hacıyev hər dəfə deyir "mən prezident olacam
Arannews-nur-az.com-Elçibəy zamanında "balıq naziri" işləmiş, sonradan elə siyasi ləqəb olaraq "balıq naziri", yaxud "balıq Hafiz" deyərək anılan Hafiz Hacıyev növbədənkənar prezident seçkilərinin keçirilməsini öyrənən kimi tez müsahibə verib. Hafiz Hacıyev müsahibəsində prezident seçkilərinə hazır olduqlarını açıqlayıb. Amma maraqlıdır ki, necə hazırdır? Axı özü təqribən 2-3 ay bundan qabaq demişdi ki, "moykada" maşın yumaqla pul qazanır və partiyasını saxlayır. Sözündən də belə anlaşılmışdı ki, özü əlinə "şlanq" götürüb maşın yuyur. Təbii ki, inandırıcı deyil. Çünki nəinki "moykada" maşın yuyub gündəlik pul qazanmaqla, heç "moyka" işlətməklə də seçkiyə hazırlaşmaq demək olar ki, qeyri-mümkündür. Hə, adam moykalar kralıdırsa, o başqa məsələ. Amma həmin "moyka" müsahibəsində elə "ağlamışdı" ki, deyərdin özü əlinə şlanq götürüb maşın yuyub. Təsəvvür edə bilirsiniz ki, bir nəfər moykada maşın yuyan şəxs aldığı pulla ailəsini dolandırmaqdan əlavə həm də seçkiyə hazırlaşacaq, divarlara vurmaq üçün öz şəkillərini düzəltdirəcək, mitinq keçirəcək, nə bilim mitinq üçün bayraq, təbliğat foroları filan düzüb-qoşacaq. İnanmıram o bu işlər üçün müxalifəti ittiham etdiyi kimi gedib xarici səfirliklərə əl açsın. Yaxud da rüşvətxor adlandırdığı hansısa oliqarx nazirin onu himayəyə götürməsinə də inanmıram. Onun əl və ağız açdığı bir insan var ki, o da İlham Əliyevdir. 
"Moykada" maşın yuyan bir şəxsin prezidentliyə hansı pulla namizəd olması barədə özünüz düşünərsiniz, amma məni düşündürən odur ki, bu Hafiz Hacıyev hər dəfə deyir "mən prezident olacam, elə hər dəfədə də deyir İlham Əliyev mənə vəzifə versə elə edərəm, belə edərəm. İndi də deyir ki, İlham Əliyev məni baş nazir qoyacaq və mən rüşvətxorların əlini, rüşvətxorluğun kökünü kəsəcəyəm. Adam özünə yaxşı yol seçib. Bütün nazirləri demək olar ki, "vurur", amma İlham Əliyevə "güldən artıq" söz deyə bilmir. Amma səhvə yol verdiyi bir məsələ var ki, biz deyək, bəlkə bizi eşidib səhvini düzəltdi. Çünki ehtimal var ki, İlham Əliyev məhz bu səhvinə görə onu baş nazir təyin etmir. Biz desək o eşidib əməl etsə, İlham Əliyev onu baş nazir qoyar, bizim də rüşvətxorluqdan canımız qurtarar. Səhvi isə bundan ibarətdir ki, üslubu düz deyil. Deməli bir gün bir şah yuxuda görür ki, göydə bütün ulduzlar sönəndən sonra günəş də batır. Yuxudan oyanıb məsələni vəzir-vəkilə danışır. Onlar hər biri bir nəfər kimi Hafiz Hacıyev kimi siyasi səhvə yol verib deyirlər ki, şah sağ olsun bu o deməkdir ki, sən və bütün qohum-əqrəban öləcək. Şah onları cəzalandırdıqdan sonra növbə bir vəzirə çatır. O deyir ki, şah sağ olsun, bütün qohum-əqrəbanız tezliklə öləcək, amma siz onlardan çox yaşayacaqsınız. Deməli "çox yaşamaq" sözü özündə "bir gün ölmək" məfhumunu ehtiva etməkdədir. Düzdür nə Hafiz Hacıyevin, nə də Allahşükür Paşazadənin İlham Əliyevə ölümü xatırlatmaq cürəti çatmaz. Amma deməyim odur ki, Hafiz Hacıyev də baş nazir olmaq istəyirsə üslubunu dəyişməlidir. Heç inanmaq olar ki, bir adam qalxıb dövlət başçısına bütün varlığı ilə yalvarsın, amma onun təyin etdiyi nazir-məmur dəstəsinə rüşvətxor, dövləti məhv edən ünsürlər desin? Axı onları prezident təyin edir. İndi bildik ki, Hafiz Hacıyev xalqı və prezidenti çörəyi qulağına yeyən hesab edib ancaq nazirlərin – birinin əlini, digərinin qulağını, o birinin maaşını kəsir, amma prezident uşaq deyil ki, durub onu dolayı yolla təhqir edən – yəni komandasına rüşvətxor deyən bir insanı baş nazir qoysun. Hafiz Hacıyevin hazırkı üslubu budur: Prezident yaxşıdır, ətrafı xarabdır. Demək olar ki, bu bir çox vətəndaşın çoxbilmişliyi, zirəngliyidir. Amma İlham Əliyev bu cümləni yarıya qədər eşidəndə Hafiz Hacıyevi alqışlayırsa, davamını eşidən təki qaş-qabaq tökür. Bu da balıq Hafizin baş nazirlik kariyerasını suda balıqlara yem edir. O üslubunu dəyişib belə deməlidir: bütün nazirlər fəsadla məşğuldur, bircə prezident yaxşıdır. Bu cümləni yarıya qədər eşidən prezident bir qədər düşünəcək, amma davamını eşidən kimi Hafiz Hacıyevi nazirlər kralı olmasa da balıqlar kralı elan edə bilər (yəni yenidən balıq nazirliyi təsis edilər və Hafiz Hacıyev keçmişdə olduğu kimi yenə öz doğma kürsüsündə oturub balıq tutar).
De gəl ki, dediyimiz üslubla Hafiz Hacıyev danışsa belə yenə də fayda verməyəcək. Çünki deyəcəklər ki, əgər nazirlər xarabdırsa deməli onların başı da (bədənlərinin üstündəki başı demirəm ha, başlarında duran şəxsdən danışıram) xarabdır. Çünki biz o xalqıq ki, balığın başından iyləndiyini çox gözəl bilir və buna atalar sözü də qoşmuşuq.


  • Yazılıb
  • da (də) 2018 Feb 06
  • Göndərən مدير سايت Aran News