Arannews-C.Səmədovun vəkili Vilayət Nadirov bildirib ki, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə C.Səmədovun həbs müddəti mayın 23-dək uzadılıb: “Məhkəmədə özü ilə də görüşdüm. Onun bel nahiyəsində ağrıları var. Bu da boynunda yaranmış şişlə əlaqədardır. Tibb məntəqəsinə müraciət edib və həkim nəzarətində müalicə olunur. Saxlanma şəraiti normaldır”.Xatırladaq ki, C.Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu il fevralın 25-də başa çatırdı.
Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Xidməti yoxlama nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilmiş, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından çıxarılıb, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılmış, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin istintaqla müəyyən edilib ki(trend), qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.
Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
azadliq.info