Arannews-Hədəf14.az xəbər verir ki, “Qafqazinfo” namizədlərin kimliyi, fəaliyyəti haqqında qısa araşdırma aparıb.YAP-ın namizədi İlham Heydər oğlu Əliyev 24 dekabr 1961- cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.
1995-ci və 2000-ci illərdə Milli Məclisinə deputat seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Prezidenti seçilib. 2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.
KXCP-nin sədri Mirmahmud Mirəlioğlu 1 sentyabr 1956- cı ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. İxtisasca tarixçidir. 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə millət vəkili seçilmiş Mirmahmud Ağa 1995-ci ildə ikinci dəfə təkrarən millət vəkili seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən millət vəkili seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib. Hazırda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədridir. 2011 və 2015-ci illərdə KXCP-nin keçirilən qurultaylarında sədr seçilib. Ailəlidir.
VİP sədri Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. İxtisasca bioloqdur. Ə.Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən “Azadlıq” siyasi blokunun həmtəsisçisi və həmsədri olub.
2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) “İnsan Naminə” seçki blokuna rəhbərlik edib.
Yeni AXCP-nin sədri Razi Nurullayev 1 aprel 1971- ci ildə İmişli rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.
19 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 17 oktyabr 2015-ci ildə qurultay keçirilib və Razi Nurullayev AXCP sədri seçib. Ailəlidir.
Müsair Müsavat Partiyasının namizədi Hafiz Hacıyev 6 mart 1956- cı ildə Ermənistanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. İxtisasca zoomühəndisdir. 2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanın II Qurultayında partiyanın sədri seçilib. 2003-cü il 15 oktyabrında keçirilən Prezident seçkilərində namizədliyi irəli sürüb. 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində yenidən iştirak edib. Hazırda Hafiz Hacıyev Müasir Müsavat Partiyasının lideridir. Ailəlidir, 3 övladı var.
Ağ Partiyanın sədri Tural Abbaslı 13 sentyabr 1982- ci ildə Bakıda anadan olub. İxtisasca jurnalistdir. 2000-2016 cı illər ərzində Müsavat Partiyasının üzvü olub. 2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir. 2016-cı il 26 iyun taririxində Ağ Partiyanın Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir. Subaydır.
MDHP-nin sədri Fərəc Quliyev 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. İxtisasca həkimdir. 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olub. 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olub. 2005-ci ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırıb.
7 noyabr 2010-cu ildə dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilib.
Ailəlidir. 3 övladı var.
ALDP sədri Fuad Əliyev 4 aprel 1970-cı ildə Bakıda anadan olub. İxtisasca linqvistdir. Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub. 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib.
Qeyd edək ki, İnformasiya texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov da mövcud namizədlərin google-da axtarış nəticələrinin sayı, saytları, bloqları, sosial şəbəkələrdə hesablarına dair araşdırma aparıb. Araşdırma nəticəsində vəziyyətin ürəkaçan olmadığı qeyd edilib.
Həmin qrafiki təqdim edirik: