İran-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etməsi Ermənistanı çox ciddi şəkildə narahat etməyə başlayıb.
Arannews-Fevralın 8-də Rusiyadan gələn ilk yük qatarının Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu ilə keçərək İrana daxil olması bu narahatçılığı daha da artırıb. Ermənistan mətbuatı, sözün əsl mənasında, həyəcan təbili çalaraq ölkənin təcrid olunmuş vəziyyətə düşməsi haqqında xəbərlər verir.Ermənistanın 1in.am analitik saytı İran ilə Azərbaycanın dəmir yollarını birləşdirən Astara-Astara dəmir yolunun istifadəyə verilməsini rəsmi Yerevan üçün qorxulu təhlükə hesab edir. Sayt yazır ki, bu yol İran, Azərbaycan və Rusiyanı iqtisadi baxımdan daha da yaxınlaşdıracaq. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində hər 3 dövlətin mənafeyi birləşir. Lakin Ermənistan yenə də regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihədən kənarda qaldı.
Qeyd olunur ki, Rusiya, Azərbaycan və İran rəhbərlərinin üçtərəfli formatda görüşlər keçirərək daha geniş iqtisadi əlaqələr qurmaq haqqında müzakirələr aparmaları Ermənistanın tam təcrid olacağından xəbər verir. Azərbaycan ildən-ilə regionun daha fəal və əhəmiyyətli aktoruna çevrilir. İqtisadiyyatının böhran vəziyyətində olmasından əziyyət çəkən Ermənistan isə regiondakı heç bir prosesə təsir göstərə bilmir. Vəziyyətin bu həddə çatmasında ölkə hakimiyyətini günahkar bilən sayt qeyd edir ki, belə davam etsə Ermənistan nəinki iqtisadi, eyni zamanda, siyasi cəhətdən də blokadaya alınacaq.
Sayt diqqətə çatdırır ki, bu gün Ermənistan çox alçaldıcı vəziyyətdədir və siyasi qərarları müstəqil şəkildə qəbul edə bilmir. Lakin Azərbaycan İran ilə Rusiya və İran ilə Avropa arasında körpü rolu oynayaraq nüfuz və zəmanət qazanıb.
Bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vəziyyətin qeyri-müəyyən qalması Ermənistanın xeyrinə deyil. Rəsmi Yerevan bunu başa düşsə də, müstəqil qərar qəbul etmək iqtidarında deyil. Zaman Ermənistanın ziyanına işləyir. Azərbaycan isə iqtisadi inkişafını davam etdirir.
Azertag