12 və 14 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı ümumilikdə 26 nəfər əcnəbi saxlanılıb.
Aranneqws-Meydan TV Miqrasiya xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşıdır. Araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türk¬mənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edil¬miş məqsədinə əməl etmədiyi məlum olub.
Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib.
Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər.
N.D.Patel aldadılaraq ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Respublikasını tərk edib.