Arannews-Ötən bir il ərzində ölkədə 2 qədim məscid söküldü, islama zülm, islamçılara işgəncə verildi.Axı necə islama və islamçılara hörmət və qayğı ili adlandırmaq olardı ki, 7-10 il bundan öncə şərlənərək həbs olunan onlarla dindardan heç 5 nəfəri azad olunmadı?
Keçən 1 il (365 gün) içində yalnız bunun şahidi olduq ki, kütləvi şəkildə şərlənərək həbs olunan islamçılar ən ağır hökmlə cəzalandırıldılar. Hakimiyyət xalqa, islam dininə rəğbət və bağlılığını göstərməyə çalışır, halbuki, onların dini işgəncə və haram bulaşmış 10 milyon insanın haqqı olan milyardlardır.
Bu gün babalarımızın 100 il öncə qurduğu Demokratik Cümhuriyyətin sevincini yaşayıb, qürurla fəxr edirik. O parlaq şəxslər, o kişilər müsəlman birliyini, islamçıları dəyərləndirən ziyalılar idi. Həmin qurucu insanlar Allaha iman və inamla sığınaraq mübarizə aparıb xalqa və Azərbaycan dövlətinə hürriyyət qazandırdılar. Şərqdə ilk müsəlman ölkəsi olan Azərbaycan Xalq Cümhuriyyətini qurdular. İnsanların haqqını qoruyub, hər kəsə söz azadlığı verən bu cümhuriyyət 3 rəngli bayraqla dövlət kimi ayağa qalxdı, bütün dünyaya səs saldı.
Onlardan irs alanlar 1988-ci ildə xalq hərəkatını yaradaraq, şəhadətlərə rəğmən mübarizə apardılar və nəhayət, 1991-ci ildə yenidən müstəqillik elanı etdilər.
Bu gün xalq dövlət qurubsa, milli məfkurəmizdən, parlaq insanların inancından - Əlimdar bəy Topçubaşovdan, Fətəlixan Xoyskidən, Nəsib bəy Yusifbəylidən, ümummilli öndərimiz Məmməd Əmin Rəsulzadə və silahdaşlarından örnək alıb, qələbə qazanıb.
Eşq dolu salam olsun, Azərbaycan Cümhuriyyətini, dövlətini quranlara. Salam olsun, bu gün haqqa, ədalətə bağlı olan azad insanlara.
İndiki hakimiyyət özünü 1918-ci ildə qurulmuş dövlətin varisi adlandırsa da, əslində avtoritar -totalitar siyasi quruluşu ilə Məmməd Əmin Rəsulzadə və silahdaşlarının hər birinə xəyanət etdi. Çox təəssüf ki, bu gün hakimiyyət xalqına qarşı zorakı mübarizə aparır. Azadlıqdan danışan dillər susdurulub, cəzalandırılır. Haqqı yazan əllər qandallanıb həbs edilir.
Söz azadlığını boğan, seçki saxtakarlığına yol verən, qanunsuzluqlar edən, insanlarla zorla, işgəncələrlə danışan, insan haqlarını tanımayan, xalqının dininə, milli tarixinə sayqısızlıq edən, dəyişməyə çalışan, mental dəyərləri unutduran, xalqın rifahından çox öz maddi imkanlarını fikirləşən, büdcədən oğurluq edən, siyasi məhbusu olan rejim demokratik AXC-nin varisi ola bilməz.
“Xalq Cümhuriyyətini quranların davamçısı, varisləriyik” - demək xalqa və keçmişimizə xəyanət, xələl gətirməkdən başqa bir şey deyil. Xalqın qurduğu dövlət indi onun əlindən alınıb, bir dəstənin əyləncə yerinə çevrilib. Bu gün xalq hakimiyyətin əsarətində, qorxu içində yaşayır. Həmin cümhuriyyətin davamçıları isə bu gün qorxmadan meydanlara yığışan, zindanlarda həbs olunanlardı.
Qobustan həbsxanası.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.