Fevralın 20-də Şəki Apelyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının şikayəti üzrə hakim Rafail Əliyevin sədrliyi ilə ilkin baxış iclası keçirilib.
Arannews-Vəkil Nemət Kərimlinin əməkdaşımıza bildirdiyinə görə, iclasda Əfqan Muxtarlı barəsində çıxarılmış həbs qərarının ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz edilməsi üçün vəsatət qaldırılıb. Vəsatət təmin olunmayıb.İclasda jurnalistin məhkəmə zalındakı şüşə qəfəsdən çıxarılaraq vəkillərin yanında əyləşməsinə icazə verilməsi üçün də vəsatət verilib. Bu vəsatət də təmin edilməyib.
Şəki Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında Balakən Rayon Məhkəməsinin iclas protokollarına düzəliş edilməsi məqsədilə qeydlər verilib və qeydlərə baxılması üçün işin ilkin instansiyaya qaytarılması tələbi irəli sürülüb. Vəsatət təmin olunmayıb.
Vəkillər apelyasiya baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi üçün 14 vəsatət qaldırıb. Məhkəmə apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə baxılmasına razılaşıb.
Apelyasiya baxışı martın 2-si saat 10-na təyin edilib.
Əfqan Muxtarlı ötən ilin mayında Gürcüstandan oğurlanaraq Bakıya gətirilib. 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi onu dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
Azadliq.info