Tarix : 2018 Feb 21
Kod 54459

Məhkəmədə Əbülfəz Bünyadovun səhhəti pisləşib

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadov və onula birlikdə təqsirləndirilən Elxan İsgəndərovun növbəti məhkəmə iclası keçirilib.
Arannews-Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasa Ə. Bünyadov xərəkdə, həkim nəzarətində gətirilib. Əməliyyat zamanı güllələnən Ə.Bünyadov iflic olub və hazırda ev dustaqlığındadır. İclas başlamazdan əvvəl onun səhhəti pisləşib və həkimlər ona yardım göstəriblər. Onun ailə üzvləri bildiriblər ki, məhkəməyə gələn zaman Ə.Bünyadov yıxılaraq əzilib. Onlar Ə.Bünyadovun məhkəməyə gətirilməsinin ona əziyyət olduğunu deyiblər. Hakim isə bildirib ki, Ə.Bünyadov ekspertizadan keçib və həkimlər onun məhkəmədə iştirak etməsinin mümkün olması barədə rəy veriblər.
İclasda məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. İttihama görə, noyabrın 26-da əməliyyat keçirilərkən Ə.Bünyadovun evinə toplaşmış şəxslərdə, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın digər üzvlərində silah-sursat olub, onlar polislərə atəş açıb, qumbara atıb . Buna görə Ə.Bünyadova dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama, qəsdən adam öldürmə də daxil, 20-dən çox maddə ilə ittiham irəli sürülüb.
E.İsgəndərov isə "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun həbsinə görə 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı aksiyada iştirakda günahlandırılır. Qəsdən adam öldürmə istisna olmaqla, ona da Ə.Bünyadova qarşı irəli sürülmüş ittihamlar verilib.
İttihama münasibət bildirən E.İsgəndərov deyib ki, özünü təqsirli bilmir.
Ə.Bünyadov isə özünü təqsirli hesab edib-etməməsi haqda hakimin sualına cavab verməyib.
İclasda Ə.Bünyadova ifadə vermək təklif olunub. Lakin o, səhhətinin pis olduğunu deyib və növbəti iclasda ifadə verəcəyini deyib. E.İsgəndərov isə ifadəsində deyib ki, Azərbaycan Dövlət Neft Şirkətində mühafizəçi işləyib.
Bundan əlavə, idmanla məşğul olub, idman yarışları keçirib:
"Müsəlman Birliyi" Hərəkatı yarış keçirmək istəyirdi. Yarışın təşkili üçün qonorarla məni də dəvət elədilər. Razılaşdım. Mənim üçün fərqi yoxdu, xristian birliyi də belə yarışı keçirmək istəsəydi, gedib iştirak edəcəkdim. Çünki yaxşı iş idi. Gəncləri narkomaniyadan, pis vərdişlərdən çəkindirməyə xidmət edirdi. Mən bu cür fəaliyyətimə görə dövlətdən təşəkkür gözləyirdim. Əvəzində 12 aydır ki, heç bir günahım olmadan həbsdəyəm. Taleh Bağırzadənin müraciət kitabçası deyilən kitabçanı görməmişəm. Onun xütbələrini eşitmişəm. Çıxışlarında dövlətçilik əleyhinə fikir səslənməyib. Əgər əksi olsaydı, mən, ümumiyyətlə, iştirak eləməzdim".
Proses fevralın 23-də davam edəcək.
Nardaran hadisələri zamanı 2 polis əməkdaşı, 4 kənd sakini öldürülüb. Əməliyyat zamanı ilahiyyatçı Taleh Bağırzadə və bir neçə nəfər həbs edilib. Onlar bir sıra ağır cinayətlərdə ittiham olunurlar. Lakin T. Bağırzadı və digərləri ittihamları qəbul etmirlər.

  • Yazılıb
  • da (də) 2018 Feb 21
  • Göndərən مدير سايت Aran News