Tarix : 2018 Feb 22
Kod 54465

"Heykəl məhbusu"nun apellyasiya şikayəti təmin olunmadı -

Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimova və atası Həsən İbrahimovun cinayət işi üzrə Yasamal rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Arannews:Rakurs.tv-Məhkəmə prosesi saat 15:00-a təyin olunsa da proses vaxtında başlamayıb. Buna əsas kimi texniki səbəblər göstərilib və Qiyas İbrahimov məhkəmə vaxtından təxminən 45 dəqiqə sonra zala gətirilib. 
Məhkəmə müdafiə tərəfin heç bir etirazını təmin etməyərək, ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanıldığını elan edib. Vəkil Elçin Sadıqov bu qərardan kassasiya şikayəti veriləcəyini bildirdi. 
Qeyd edək ki, 5 iyun 2017-ci il tarixdə apellyasiya məhkəməsində şüşə qəfəsdə olan Qiyas İbrahimov prokuror çıxış edərkən dəfələrlə sədrlik edən hakim Vüqar Məmmədova əlləri ilə eşidə bilmədiyini işarə edir. Hakim ona məhəl qoymadıqda gənc fəal şüşə qəfəsdəki mikrofonu çıxararaq yerə atıb və sərt şəkildə etiraz edib. Bu zaman məhkəmə nəzarətçiləri şüşə qəfəsdə İbrahimovun qollarını arxadan qandallayıb. Onun əlində sıyrıntı yaranır və oturduğu skamyada qan izləri görünüb. Bu zaman gənc fəalın atası Həsən İbrahimov hakimlərə etiraz edərək “allahınız olsun” deyib. Hadisədən sonra yaranmış insidentlə bağlı “heykəl məhbusu” Qiyas İbrahimova və atası Həsən İbrahimova qarşı CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət işi qaldırılıb. Yasamal rayon məhkəməsi 18 dekabr 2017-ci il tarixdə Qiyas İbrahimova CM-nin 66.5-ci maddəsinə (cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi - cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır) əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.10.2016 il tarixli hökmü ilə elan olunmuş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə 10 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Həsən İbrahimovun isə CM-nin 289.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilməsi barədə qərar verib.

  • Yazılıb
  • da (də) 2018 Feb 22
  • Göndərən مدير سايت Aran News