Tarix : 2018 Feb 25
Kod 54483

"Nardaran işi 4": "Məni başıüstə meyitin üzərinə tulladılar" -

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib.
Arannews-Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.
Ə. Bünyadov məhkəmədə ifadə verib. O öz ifadəsində ona qarşı irəli sürülən itiihamı qəbul etməyib. Daha sonra Ə. Bünyadov Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü olduğunu deyərək, Tale Bağırovla ailəvi dostluğunun olduğunu bildirib:
“Tale Bağırovla dostluğumuz illərə söykənib. Bizim yığıncaqlarımızın heç birində dövlət əleyhinə hər hansı fikirlər səsləndirilməyib, vətənpərvərlik mövzusunda olub. Məlum hadisə baş verən günü Tale Bağırov evimdə qonaq olub. Ondan başqa həyətimizdə 29-30 nəfər adam vardı, namaza gəlmişdilər. Polislər, üzü maskalı adamlar qəflətən evimə hücum eləyib atəş aça-aça həyətimə girdilər. Bu zaman qarşıdurma yarandı. Aldığım güllə yarasından sonra baş verənləri xatırlamıram. Ayılanda özümü Daxili İşlər Nazirliyinin hospitalında olduğumu gördüm. İki ay orada polis nəzarəti altında saxlanmışam. Evimdən silah tapılması barədə yazılanlar böhtandır. Heç yerli sakinlərdə də silah-sursat olmayıb. Bütün bu baş verənlər dini camiyədə qorxu yaratmaq məqsədini güdür. Nə Tale Bağırov, nə də MBH-nin üzvləri gizlənməmişdik ki, belə qəfil silahlı hücumla bizi tutsunlar”.
Daha sonra şahid qismində Ə. Bünyadovun əmisi oğlu Sərdar Bünyadov məhkəmə zalına dəvət edilib. S. Bünyadov o zaman da heç bir ifadə vermədiyini bildirib. Bundan sonra hakim 11 aprel 2016-cı il tarixdə S. Bünyadova məxsus olduğu deyilən ifadəni məhkəmədə səsləndirib. İfadədə S. Bünyadovun Ə. Bünyadovdan Tale Bağırovdan ayrılmağı, ondan xeyr gəlməyəcəyini bildirməsi, onu evdən qovmasını istədiyi qeyd edilib. Lakin o, Tale Bağırovun onun qonağı olduğunu, evdən qova bilməyəcəyini söyləyib. Sərdar Bünyadov hakim Ə. Hacıyevin səsləndirdiyi ifadəyə etirazını bildirərək, elan olunan ifadələrin ona məxsus olmadığını məhkəməyə bildirib və hadisə baş verən gün məlum evdə olmadığını, daha sonra oraya getdiyini deyib. Hakim Ə. Hacıyev növbəti məhkəmə prosesinin 1 mart tarixində davam edəcəyini elan edib.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.

  • Yazılıb
  • da (də) 2018 Feb 25
  • Göndərən مدير سايت Aran News