Tarix : 2018 Feb 25
Kod 54491

Şeyxin ''kontrol'' mesajı

Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadə də seçki kampaniyasına qoşulub. Özü də fərdi şəkildə yox. O, ölkədə olan bütün din adamlarını hər yerdə “haqq sözü” deməyə, cari prezident seçkisində İlham Əliyevi dəstəkləməyə çağırıb.
Arannews:Meydan.tv-Seçkiyə start verilən kimi hakimiyyətin yazıçıların, mədəniyyət adamlarının, ardınca da, şeyxülislamın dəstəyindən istifadə etməyi şübhə və suallar doğurur. Ölkənin əsas siyasi qüvvələri seçkiyə qatılmadığından YAP namizədinin seçici səsi ilə bağlı problemi olmamalıdır axı. Elə isə narahatlıq nədir, bu çağırışlar və dəstəklər nəyə görədir?
Allahşükür Paşazadənin məlum çağırışında diqqətçəkən bir məqam var: “Mən bunu (İlham Əliyevin namizədliyini dəstəkləməyi- A. A.) sizdən xahiş edirəm. Xahişdən əlavə, açıq deyəcəm: bu, kontrol olunacaq”.
Deyəsən Şeyx ya ehtiyatsızlıqdan, ya da incə diplomatiya ilə “kontrol” sözünü işlətməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirib. Əvvəl gəlin görək “kontrol” nədir.
Leksikonumuza rus dilindən keçmiş kontrol ("kонтроль") “2 nüsxədə tutulan siyahı” mənasını ifadə edən fransız contrôle sözündən götürülüb. O, iki latın sözü:
Contra və rotulus əsasında yaranıb (birincisi əkslik, ikincisi isə lülə halında bükülmüş kağız mənalarını ifadə edir). Kontrol Azərbaycan dilində “nəzarət” kimi başa düşülür.
Nəzarət, yaxud elə Şeyx deyən kimi, kontrol, idarəetmə sisteminin əsas alətlərindən biridir. O, sistemin optimal fəaliyyət göstərməyini təmin etmək məqsədilə həyata keçirilir. Bütün fəaliyyətlər, hərəkət və davranışlar kənardan müşahidə edilir. Bunun əsasında qəbul edilən qərarların əsaslılığı, obyektin fəaliyyətində kənaraçıxmalar öyrənilir, maneələr aradan qaldırılır.
Beləliklə, Şeyx din adamlarını xəbərdar edib ki, onların seçki dönəmindəki fəaliyyəti idarəetmə sisteminin nəzarəti altındadır. O, nəzarət yox, məhz elə “kontrol” deməklə bu sözün ilkin mənasına, yəni siyahı tutulmasına işarə edib. Üstəlik yabançı dildə işlədilən bu ifadədən belə mesaj çatdırılır ki, yoxlamanı həyata keçirən idarəetmə sisteminin özü milli deyil. Heç bunun dinlə, şəriət qaydaları ilə də bağlılığı yoxdur. Bir sözlə, vəziyyət “rusca”dır...
Dünyəvi baxışlara malik siyasi müxalifət məhv edilən və ya zəiflədilən ölkələrdə ictimai meydanı radikal dindarlar tutmaqdadır. Dini ayin və mərasimlər onlara təbii yolla və kütləvi olaraq bir yerə toplaşmaq imkanı verir. Heç kəsə sirr deyil ki, Nardaran əməliyyatının həyata keçirilməsinin əsl məqsədi ölkədə yaranmaqda olan dini müxalifəti dərhal zərərsizləşdirmək məqsədi güdürdü. Lakin aqressiv davranışı ilə hökumət inanclı insanları özündən narazı salıb. Hazırkı təlaş da bununla bağlıdır. İndi Şeyxin dili ilə onlar xəbərdar edilir ki, nəzarətdəsiniz.
Azərbaycan hakimiyyəti daha dinin dövlətdən ayrı olmasını istəmir. Ərəb baharından sonra bu “həssas məsələni” xüsusi olaraq kontrolda saxlayır. Dini sektaya nəzarət üçün dövlət komitəsi ilə yanaşı, prezident yanında müşavirlik də yaradılıb. Multikulturalizm, islam həmrəyliyi illəri qeyd etməklə, islam oyunu keçirməklə, məscid tikmək və ya təmir etməklə cəmiyyətin inanclı kəsiminin rəğbətini qazanmaq, beynəlxaq aləmdə özü barədə müsbət imic yaratmaq istəyib. Bu işə əhəmiyyətli pullar xərclənib.
İndi isə şüurlu surətdə anlayır ki, şou-biznes əhli ilə cəmiyyətdə özünə nüfuz, dəstək qazana bilməz. Ölkə insanı get-gedə yoxsullaşdıqca, sosial gərginlik də artır. Belə bir vaxtda din xadimlərinin sözü, çağırışı keçərli ola bilər. Ona görə də mollalardan kömək istəmək məcburiyyətindədir. Bunun nə dərəcədə effektli olacağını “kontrol”un nəticələri göstərəcək. Onu da deyək ki, belə nəticələrdən uğurlu fəaliyyətlərin stimullaşdırılması, yaxud “sapmalara” görə cəzalandırma məqsədilə də istifadə edilir...
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər

  • Yazılıb
  • da (də) 2018 Feb 25
  • Göndərən مدير سايت Aran News