Dünyanın hər yerində olduğu kimi, qonşu Gürcüstanda da azərbaycanlılar Xocalı soyqırımı münasibətilə tədbirlər keçiriblər.
Arannews-İslamazeri.com xəbər verir ki, paytaxt Tbilisinin Cümə məscidində Xocalı soyqırımı münasibətilə mərasim keçirilib. Tədbirdə din xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsisinin şeyxi Ramin İgidov, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Fəxri Hacıyev və başqaları çıxış edərək tədbir iştirakçılarına azərbaycanlıların şəhid olduğu Xocalı Soyqırımının tarixi barədə ətraflı məlumat veriblər. Sonra Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə azərbaycanlıların şəhid olduğu Xocalı Soyqırımı qurbanlarına həsr etdiyi “Xocalı harayı” poemasını oxuyub. Məsciddə faciə qurbanlarının ruhlarına Quran və dualar oxunub, Xocalıda və dünyada qətlə yetirilmiş günahsız insanlara Allahdan rəhmət dilənilib. Tədbirin sonunda ehsan verilib. Marneulidə də Xocal soyqırımı münasibətilə mərasim keçirilib. Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və Imam Əli (ə) Xeyriyyə Fondunun təşkilatçılı ilə Marneuli İmam Əli (ə) məscidində mərasim keçirilib, şəhidlər yad edilib.
Axund Hacı Hacıyev Xocalı soyqırımı haqqında çıxış edərək, bu faciə və soyqırımdan danışıb. O bu cinayəti həyata keçirən Ermənistanı qınayaraq zülmlərin bütün dinlər tərəfindən birmənalı olaraq böyük günahlara aid edildiyini önə çəkib. Mərasimdə şəhidlərin ruhuna Quran tilavət edilərək, sonda ehsan süfrəsi təşkil olunub.
Qardabanidə də, tədbir keçirilib. “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə" İctimai Birliyi tərəfindən keçiriən tədbirdə çıxış edənlər 26 il öncə ermənilərin Xocalıda törətdikləri vandalizmdən, eləcə də qətliam barədə danışıblar. Ermənilərin Azərbaycanlılara qarşı soyqırım törədərək uşaqlara, qocalara qarşı etdikləri terror və soyqırım haqda verilən tədbir iştirakçıları, bu cinayəti həyata keçirən Ermənistanı qınayıblar. Tədbirin sonunda soyqırıma həsr edilmiş videoçarx göstərilib.
İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubu və “Borçalı-İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.
Yürüş iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasınadək yürüyüblər.
Əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutmuş gənclər yürüşboyu “Qarabağa azadlıq!”, “Xocalıya ədalət!”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun!” kimi şüarlar səsləndiriblər.
Xocalı soyqırımının tanıdılması və təbliğatı üçün gürcü dilində çap etdirilən bukletlər yolboyu Tbilisi sakinlərinə və turistlərə paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.