Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökümdən verdikləri şikayət üzrə məhkəmə davam edib.
Arannews-Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Ziyad Abbaszadə vəsatətlərlə çıxış edib.
O, prosesin qapalı və videoçəkilişlə aparılmasını istəyib: "Bu iş üzrə bir çox faktlar araşdırılmayıb. Çünki burda dövlət sirini təşkil edən məsələlər var. Proses qapalı olarsa, Elçin Quliyev bu məsələrə toxunacaq".
Elçin Quliyev özü isə bildirib ki, birinci instansiya məhkəməsində hakimə ərizə ilə müraciət edib: "Hakimə ərizəmdə bildirdim ki, burda elə məsələr var, hamının içində danışmaq olmur. Orda da bu səbəbdən bəzi dövlət sirlərinin yayılmasına səbəb oldu. Ona görə də proses qapalı keçirilməlidir".
Vəsatət təmin edilməyib.
Daha sonra vəkil bildirib ki, "Şimal Küləyi" və "Qərb qütbü" əməliyyatlarına ayrılan vəsaitlərlə bağlı Elçin Quliyevə mənimsəmə ittiham verilib: "Pulların ayrılması ilə bağlı, həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var. Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 300 min manat mənimsəmə ittihamı verilib. Xahiş edirik, bu məsələ ilə bağlı eskpertiza təyin edilsin" .
Elçin Quliyev bu məsələ ilə bağlı çox şeyi danışa bilməyəcəyini qeyd edib: "Burda əsas məsələ agenturaya ayrılan pullardır. Məndən heç kim soruşmayıb kj, hansı agentə nə qədər pul vermişəm. Pulların verilməsi ilə bağlı Maliyyə İdarəsinin xəbəri olmayıb. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Həmin adamı burda nə sizə deyə bilərəm, nə də başqasına. Bircə indiki DTX rəhbərliyinə adları verə bilərəm. Çünki nazirlikdə hərənin öz agenti olub Mərhum İlqar Əliyevin öz agenti olub, nazirin və yaxud nazir müavininin öz agentləri olub. Hər kəs öz agentini tanıyıb".
Elçin Quliyev ona verilən mənimsəmə ittihamının qanunsuz olduğunu deyib: "Mənə 7 milyon 300 min manat mənimsədiyimi bildirilir. Hanı o pul? Mənim o boyda pulum olsaydı, indi obyektlərim, villalarım, bağlarım olardı. Hazırda mənim banka belə borcum var".
Vəsatət baxılmamış saxlanılıb.
Prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə daha bir neçə vəsasətlə çıxış edib. Vəsatətlər təmin edilməyib.
Proses martın 15-də davam edəcək.
Xatırladaq ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.
Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti ötən həftənin cümə günü Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi şikayətdə ona dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını istəyib.
Qeyd edək ki, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəlməkdə, onlardan külli miqdarda pul almaqda ittiham edilir.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.