Fevralın 26-da İşğala və Terrora Qarşı Beynəlxalq Forumun nümayəndə heyəti qurumun dördüncü toplantısını keçirmək üçün İranın Ərdəbil şəhərinə gedib. Nümayəndə heyətini ilk olaraq Ərdəbilin İmam-cüməsi, Azərbaycan Respublikasında da Qarabağ bəyanatları ilə yaxşı tanınan nüfuzlu din xadimi Seyid Həsən Amili öz iqamətgahında qəbul edib.
Arannews-FaktXəbər-in "Yeni Müsavat"a istinadən məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı nümayəndə heyəti adından çıxış edərək Seyid Həsən Amiliyə səmimi görüşə vaxt ayırdığına görə təşəkkürünü bildirib: “Biz İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiyadan olan nümayəndələrin iştirakı ilə İşğala və Terrora Qarşı Beynəlxalq Forum yaratmışıq. Onun bir toplantısı Bakıda, digər toplantısı, Türkiyədə, İzmirdə olub, növbəti toplantı Gəncədə təşkil edilib və çox istərdik ki, bir toplantı da İranda olsun. Bunun üçün də Ərdəbil seçildi və biz çox şadıq ki, həmin Forumun növbəti toplantısı da burda keçiriləcək”.
Seyid Amilu Azərbaycanda hər kəsi ciddi narahat edən Qarabağ məsələsi barədə danışaraq bildirib ki, Qarabağı öz dərdləri, öz yaraları bilirlər: "İranda hər hansı Azərbaycan türkü ilə danışsanız, hamısının arzusu budur. 20 faiz torpaq ki, bu qədər uzun müddətdə Azərbaycandan ayrılıb, bizim üçün çox nisgilli hadisədir. Biz hamımız ürəkdən arzulayırıq ki, bu torpaq, inşallah, ermənilərin işğalından xilas olsun, yenidən Azərbaycana qayıtsın və məscidlərimiz orda azad olsun! Bizim dini rəhbərimiz çox gözəl buyurub ki, əgər Qarabağ müharibəsində biri canından keçibsə, şəhid olub. Elə bizim böyük rəhbərimizin belə bir sözü ilə bizim cavanlarımız Qarabağın taleyinə dini baxımdan baxırlar. Rəhbərimizin dediklərindən sonra gənclərimiz orada şəhadətə hazırdırlar, yetər ki, orada qərar verilsin. Aprel döyüşündə ərz elədim ki, mən özüm də ordakı döyüşlərdə iştirak etməyə hazıram və bu, mənimçün şərəfdir. Çünki vəziyyətin bu cür olmağına görə biz həddən çox narahatıq”. Seyid Amuli Qarabağın müqəddəratını təyin etmək üçün referendum keçirilməsi barədə xarici qüvvələrin iddialarına da kəskin etiraz etdi: “Hərdən qulağımıza referendum xəbəri gələndə çox narahat oluruq. Dünyanın böyük dövlətləri istəyirlər ki, Azərbaycana təzyiq göstərib onu referenduma icazə verməyə razı salsınlar. Həmin gün Azərbaycanın böyük əza günüdür. Allah o günü göstərməsin ki, Azərbaycan Qarabağda referendum keçirməyə razılıq versin! Çünki həmişə torpaqları qondarma referendumlarla qoparıblar. Necə ki, bizim İranımızı, şahı sıxdılar, dedlər, gərək Bəhreyndə referendum keçirilməsinə razı olasan. Beləliklə, 45 il bundan qabaq şahı sıxdılar, referenduma nail oldular. Bəhreyn bizim 16-cı ostanımız idi. Bəhreyni ona görə ayırdılar ki, Amerika dəniz qüvvəsini yerləşdirmək üçün özünə yer axtarırdı. Bəhreyn bir bala məmləkətdir, biz ona zərrə məmləkət deyirdik. Bilirdilər ki, İrandan ayrılsa, olacaq ABŞ-ın bir əyaləti, elə də oldu və Bəhreyni İrandan o cür qopartdılar. Sudanın cənubunu Sudandan qopartdılar. Ona görə də biz Qarabağla bağlı referendum xəbərini eşidəndə çox narahat oluruq. Çünki böyük dövlətlər onların şərtlərinə razı olmayan kiçik dövlətləri sıxışdırırlar. Yaxud belə xəbərlər gəlir ki, istəyirlər şəhərləri bölsünlər, Azərbaycan neçə şəhərin qaytarılmasına razı olacaq. Ona da biz çox nigaran oluruq. Çünki bizim 40 illik təcrübəmiz var. Düşmənin qarşısında nə qədər geri çəkildinsə, qabağa gələcək. Düşünmək olmaz ki, qarşındakınla anlaşım, onlar sənin haqqını versinlər”.