Arannews-Rakurs TV-nin məlumatına görə, məhkəmə prosesində dövlət ittihamçısı çıxşı edərək, fəala 8 il həbs cəzası istəyib.Həbsdə olan ilahiyyatçı Tale Bağırzadənin tərəfdarı və Müsəlman Birliyi Hərəkatının üzvü olan Əhsən Nuruzadə həm də Nardaran hadisələri ilə bağlı həbs olunan şəxslərin məhkəmələrinin fəal iştirakçısı idi. Ötən ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.
İttihama görə, oktyabrın 6-da onun üzərindən 14.775 qram heroin çıxıb. Amma Əhsən Nuruzadə ittihamı rədd edir, həmin narkotikin onun cibinə elə idarədə polislərin özləri tərəfindən atıldığını bildirir.
Əhsən Nuruzadə bundan əvvəl də iki dəfə həbs olunub – 19 yanvar və 24 sentyabrda. Hər ikisində o, evlərinin yaxınlığından mülki geyimli şəxslər tərəfindən saxlanılaraq, zorla maşına mindirilib və günlərlə onun harada saxlanması bilinməyib. Təxminən bir həftədən sonra məlum olub ki, onu aparanlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olub. Günlərlə onu bu idarədə təzyiq altında saxlayandan sonra məhkəmə qarşısına çıxarıb, 10 gün inzibati həbsi haqda qərar alınıb. Hər iki qərarda yazılıb ki, Əhsən Nuruzadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söyüb, həmin vaxt onu intizama dəvət edən polislərə tabe olmayıb.
Əhsən isə bildirir ki, hər iki həbsi zamanı MCMİ-də ona xəbərdarlıq edilib ki, Taleh Bağırzadənin müdafiəsindən çəkilməsə, Milli Şuranın mitinqlərində iştirakını davam etdirsə, növbəti dəfə daha uzunmüddətli həbsə göndəriləcək.
Əhsən Nuruzadə onu da bildirir ki, sonuncu həbsində MCMİ-də işgəncələrə məruz qalıb.