İran və Azərbaycanın dəmir yolları idarələrinin müdirləri Bakıda təşkil etdikləri iclasda iki ölkənin dəmi yolu əməkdaşlıqlarının son durumunu dəyərləndirib və birgə layihələrin icrasının sürətləndirilməsinə təkid ediblər.
Arannews-İRİB-nin Bakıdan verdiyi məlumata görə, İranın Dəmir Yolları Şirkətinin icraçı direktoru Səid Məhəmmədzadə ilə Azərbaycanın Dəmir Yolları İdarəsinin müdiri Cavid Qurbanov arasında baş tutan görüşdə Astara-Astara dəmir yolu layihəsinin icra prosesinə davamlı nəzarətin edilməsi, İran Astarasında yük və sərnişin terminallarının təkmilləşdirilməsi və bu marşrut üzrə yüklərin daşınması qaydasının nizamlanması barədə fikir mübadiləsi aparılıb.Bu iclasda həmçinin, qərara alınıb ki, iki ölkənin ekspertlər qrupu Astara-Astara dəmir yolu layihəsinin habelə, İran Astarasında yük və sərnişin terminallarının icra prosesinə həftəlik nəzarəti təmin etsinlər və öz həftəlik hesabatlarını iki ölkənin dəmir yolları idarəsi müdirlərinə təqdim etsinlər. Həmçinin, iki ölkənin dəmir yolları idarəsi rəsmilərinin bu layihələrin icrasına daha artıq nəzarəti təmin etmək üçün davamlı olaraq birgə iclasların keçirilməsi barədə razılıq əldə edilib.
Bu iclasda həmçinin, Rəşt-Astara dəmir yolu layihəsinin təkmilləşdirilməsi və onun vasitəsi ilə İranın dəmir yolu şəbəkəsinin Azərbaycan, Gürcüstan və Rusiya dəmir yolları şəbəkələrinə birləşdirilməsi sahəsində də əməkdaşlığın edilməsi barədə razılıq əldə edilib.