Tarix : 2018 Mar 04
Kod 54572

Ermənistanın Britaniyadan idxal olunan prezidenti: Müxalifət qeyri-legitim sayır

Xəbər verdiyimiz kimi, Ermənistan yeni konstitusiyaya uyğun olaraq, parlamentdə özünün yeni prezidentini seçib.
Arannews- Bu hakim Respublika Partiyasının namizədi, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır.
Lakin müxalifət yeni prezidentin legitim olmadığında israr edir. Onların fikrincə, Armen Sarkisyan Böyük Britaniya vətəndaşı, yəni ikili vətəndaşlığa sahib olduğu üçün prezident ola bilməz.
Musavat.com Rusiya və Ermənistan mətbuatına istinadən Armen Sarkisyanın seçilməsi zamanı parlamentdə bu məsələ ilə bağlı diskussiyaları təqdim edir.
Qeyd olunur ki, Sarkisyanın prezidentlyinə şiddətlə qarşı çıxan fraksiya müxalif “Yelk” bloku olub. Fraksiyanın nümayəndələri yeni prezidentin konstitusiyanın tələblərinə uyğun olmadığını bəyan ediblər.
Belə ki, Ermənistan konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsinə görə, Ermənistan prezidenti son 6 ildə yalnız öz ölkəsinin vətəndaşı olan və burada daimi yaşayan adam ola bilər.
Armen Sarkisyan özü isə parlamentdəki çıxışında Böyük Britaniya vətəndaşlığından hələ 2011-ci ilin dekabrın 2-də imtina etdiyini bildirib. O, namizədliyi ilə bağlı bütün sənədləri təqdim etdiyini söyləyib.
“Yelk” fraksiyasının deputatı Artak Zeynalyanın (bu şəxs həm də “Yelk”in prezidentliyə namizədi sayılırdı. Lakin namizədliyini irəli sürmək üçün parlamentdə lazımi sayda deputat imzası toplaya bilməyib), söylədiyinə görə, Böyük Britaniya vətəndaşlığı dövlət katibinin vətəndaşlıqdan çıxmaq barədə bəyanatı aldıqdan sonra imtina edən şəxsə vətəndaşlığını itirməsi barədə arayış verdiyi gündən bitir.
“Siz bu sənədi çoxdan almalıydınız. Sizin başqa bir dövlətin vətəndaşı olmadığınız barədə sübut olaraq irəli sürə biləcəyiniz hər hansı sənəd varmı?”, - Zeynalyan sual edib.
“Yelk” fraksiyasının digər deputatı Ararat Mirzoyan başqa bir iddia ilə çıxış edib. O, Armen Sarkisyanın direktoru olduğu “Eurasia House International” adlı təşkilatın 2011-2014-cü illəri əhatə edən vergi bəyannaməsində onun adının qarşısındakı “nationality”, yəni vətəndaşlıq qrafasında “british”, yəni britaniyalı yazıldığını göstərib.
Armen Sarkisyan isə sözügedən təşkilatın öz fəaliyyətini 2012-ci ildə dayandırdığını və bu məlumatların hesabatı hazırlayan mühasibatın ucbatından səhv getdiyini söyləyib.
“Bu, mənim Böyük Britaniya vətəndaşı olduğum anlamına gələ biləməz”, - yeni prezident bəyan edib.
“Yelk” blokunun lideri Nikol Paşinyan da yeni prezidentin Böyük Britaniya vətəndaşlığından çıxmaq barədə sənəd verməli olduğunu qeyd edib.
“Siz səhvdən danışırsınız. Lakin mətbuata sızdırılan sənəd sizin ikili vətəndaşlığa malik olmanız barədə əsaslı şübhələr oyadır. Belə ki, yuxarıda bəhs edilən hesabatı özünüz imzalamısınız. Sadəcə bizə həmkarımızın dediyi kimi tutarlı sənəd təqdim edin”, - Paşinyan prezidentə müraciət edib.
Armen Sarkisyanın cavabı olduqca qəribə olub. O, sənədi imzalayarkən vətəndaşlıq qrafasında nə yazıldğına əhəmiyyət vermədiyini söyləyib.
“Belə çıxır ki, siz prezident olduqda da hər hansı dövlət əhəmiyyətli sənədi də elə baxmadan, mahiyyaətinə varmadan imzalayacaqsınız”, - Paşinyan A.Sarkisyanla söz duelinə davam edib.
Vəziyyətin qəlizləşdiyini görən hakim partiyanın deputatları araya giriblər.
“Müxalifətin vətəndaşlıqdan çıxmaq barədə arayışdan başqa bir dərdi yoxdurmu”, - deyə hakim partiyanın deputatı Armen Aşotyan parlament müxalifətçilərinə səslənib.
Paşinyan isə ona Konstitusiyanı oxumağı və “İvan Vasilyeviç iş yerini dəyişir” filmindəki bir səhnəni xatırlamağı məsləhət görüb.
“Yadınıza gəlirsə, həmin filmdə çarın yalançı olduğunu bilən ordu üsyana qalxır.Və mətbuatda dərc olunan sənəd də göstərir ki, siz, cənab Sarkisyan 2011-ci ildən sonra da Böyük Britaniya vətəndaşı olaraq qalmısız”, - deyə müxalif deputat bəyan edib.
Musavat.com

  • Yazılıb
  • da (də) 2018 Mar 04
  • Göndərən مدير سايت Aran News