"O, İsrailin Hayfa şəhərində yerləşən böyük xəstəxanaların birində müalicə alır."
Arannews- 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yarandığına görə, ötən il dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra isə yenidən səhhətində problem yaranan Yevda Abramov təcili olaraq dövlət hesabına İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.
Yevda Abramovun səhhəti ilə bağlı Modern.az-a danışan Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev onun son durumundan söz açıb.
O qeyd edib ki, Yevda Abramov xətələnəndən sonra onun vəziyyəti bir o qədər də yaxşı deyildi. “Hazırda onun sağlıq durumu normaldır. O, İsrailin Hayfa şəhərində yerləşən böyük xəstəxanaların birində müalicə alır. İsraildə belə bir şey var ki, xəstəni xəstəxanada çox saxlamırlar. Sağlıq durumu normal olan kimi evə buraxırlar. Yevda müəllimi də evə buraxıblar. Ancaq hər gün müalicə üçün xəstəxanaya gedib-gəlir”.
Yuri Naftaliev bildirib ki, Yevda Abaramovun övladları və yaxın qohumları İsraildə yaşayır.“Onun bir qızı və oğlu İsraildə yaşayır. Yevda müəllim də onların yanında qalır. Onun qardaşları və bacıları da İsraildə yaşayır. Yevda müəllimin Azərbyacana nə zaman qayıdacağı ilə bağlı da bir şey bilmirəm. Hələ onun müalicəsi davam etdirilir”, -deyə o qeyd edib.