NATO Türkiyədən Suriyadakı anti-terror əməliyaytlarının müddətini azaltmağı, bu əməliyyatları yekunlaşdırmağı tələb edib. Maraqlıdır, türk ordusunun qanı və canı bahasına apardığı anti-terror əməliyyatlarının uzanması NATO-nu niyə narahat edir? Türkiyənin anti-terror əməliyyatlarını davam etdirməsi fonunda NATO-nun türk ordusuna hansısa süni əngəllər yaratması mümkündürmü?
Arannews-Hədəf14.az xəbər veri ki, Moderator.az-a açıqlama verəm politoloq Azər Rəşidoğlu NATO-nun bəyan etdiyi narahatlığın görünməyən tərəflərinə diqqət çəkib:
“Bölgədə yeni konfiqurasiyalar qurulmaqdadır. ABŞ-ın siyasətindən narazı qalan və bundan konkret zərər çəkən dövlətlərin bir alyansının konturları cızılmaqdadır. Türkiyənin coğrafi mövqeyi elədir ki, həmişə ona ehtiyac duyulub. Elə bu səbəbdən, ABŞ-ın rəqibləri Türkiyə, Çin və Hindistanla müəyyən strateji əlaqələr qura bilər. Belə birliklər Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Ən nəhayət, Türkiyə NATO ölkəsi olaraq İncirlikdə yerləşən Amerika bazasının fəaliyyətinə münasibət bildirə və onun fəaliyyətini dayandıra bilər. Bu baxımdan, Vaşinqton Ankara ilə arasında mövcud olan gərginliyi aradan qaldırmaqda maraqlıdır. Lakin burada incə bir məqam mövcuddur. Vaşinqton siyasi dairələrində uzun müddətdir ki, "Azad Kürdüstan"ın yaradılması ssenarisinin mövcudluğu barədə danışırlar. Türkiyə isə, məntiqə uyğun olaraq, bu cür təşəbbüslərə qarşı çıxır və ABŞ-dan da bu fikirdən geri dönməsini tələb etmək niyyətindədir. Ankara yalnız hərbi mövcudluğu ilə bu plana qarşı çıxa bilər.
Türkiyə hazırda regionda və dünyada tarazlıq axtarışındadır. Türkiyə arzuladığı bufer zonasını yarada bildi. Daha da irəliləmək məsələsi isə bir çox regional və dünya oyunçularında qıcıq yarada bilər. Hazırda həm Suriyada, həm də İraqda Türkiyə Silahlı Qüvvələri var. Və Türkiyə hər an yeni əməliyyatın həyata keçirilməsinə başlaya bilər, özü də ki, yeni əməliyyatın tamamilə fərqli məqsədləri ola bilər.
Siyasi araşdırmaçılar hesab edirlər ki, Afrini terrorçulardan təmizləmək vacibdir. Lakin Ankara Afrindən sonra Membiçi, daha sonra isə Hasekəni, Qəndili hədəf seçə bilər. Lakin Membiçə qoşun yeritmək ABŞ-la hərbi qarşıdurma anlamına gəlir. Elə Vaşinqtonun da ehtiyat etdiyi məsələlərdən biri Ankaranın Afrindən sonra Menbiçdə mümkün əməliyyat keçirməsi ehtimalıdır. Məsələ ondadır ki, Menbiçdə ABŞ bazası və hərbçiləri var. ABŞ ordusunun komandanlığı Menbiçdəki PYD qüvvələrinə xəbərdarlıq edib ki, Afrindəki döyüşlərə qatılmasınlar. Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir. Vaşinqon bəyan edir ki, Türkiyənin Menbiçdə həyata keçirmək istədiyi əməliyyat Suriyada silahlı toqquşmanı alovlandıra bilər. Menbiç Birləşmiş Ştatlar üçün də strateji nöqtədir. Bu baxımdan, Ankara Menbiçdə hərbi əməliyyatlara gerçəkdən başlamaq niyyətindədirsə, öncə ciddi şəkildə düşünməlidir…