Tarix : 2018 Mar 13
Kod 54661

Kvirikaşvili: “Gürcüstan regiondakı sabitlikdə maraqlıdır”

Azərbaycan baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
Arannews-APA-nın məlumatına görə, Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyən baş nazir Artur Rasi-zadə münasibətlərimizin strateji xarakter daşıdığını və əsrlər boyu ölkələrimiz arasında mövcud dostluğa əsaslandığını bildirib.
O, ölkələrimizin iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Gürcüstan arasında qurulan iqtisadi əlaqələr üzrə göstəricilərin müsbət olduğunu qeyd edib, münasibətlərimizin daha da möhkəmlənməsi üçün tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, iqtisadi və humanitar sahələrlə yanaşı, müdafiə sahəsində əlaqələr də inkişaf edir.
A. Rasi-zadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq vurğulayıb ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və bu, Azərbaycanın prinsipial mövqeyidir.
G. Kvirikaşvili isə regiondakı sabitlikdə maraqlı olduqlarını bildirərək deyib ki, Gürcüstan da bütün beynəlxalq formatlarda münaqişələrin ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn normaları əsasında tənzimlənməsinin tərəfdarıdır. 
İkitərəfli münasibətlərin böyük perspektivi olmasından məmnunluğunu ifadə edən qonaq Azərbaycan ilə birgə həyata keçirilən qlobal neft, qaz və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb, ticari-iqtisadi münasibətlərdə müsbət dinamikanın olduğunu sevindirici hal kimi dəyərləndirib.

  • Yazılıb
  • da (də) 2018 Mar 13
  • Göndərən مدير سايت Aran News