Tarix : 2018 Mar 13
Kod 54664

Gənc yazar Vüsalə Vətənxanın kimsəsiz körpələrə həsr etdiyi “Ayaq səsi” hekayə kitabının təqdimatı keçirilib - FOTO

Milli Mənəvi İnkişaf və Həmrəylik ictima birliyinin dəstəyi ilə 10 mart 2018 tarixdə “Book Zone” kitab evində gənc şairə Vüsalə Vətənxanın kimsəsiz və tərk edilmiş körpələrin həyatına həsr etdiyi “Ayaq səsi” hekayə kitabının təqdimatı keçirilib
Arannews-Tədbir Günel Quliyevanın aparıcılı ilə keçirilib. İlk olaraq kitabın müəllifi Vüsalə Vətənxan çıxış edərək kitab haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra MMİH ictimai Birliyinin rəhbəri Rəşad Dadaşov söz alaraq ölkədə ədəbiyyatın və kitab oxuculuğunun durumundan söz açıb. 

Tədbirdə iştirak edən Rza İgidoğlu, Bütöv Azərbaycan Mühafizəkarlarının üzvü Əziz bəy, şair Zaur Rəxşan, Ağasəlim Əmri, Nicat Nəsri, Həsən Lütfi, Sevda Karahanlı, Günel Quliyeva və digər söz, qələm əhli öz xüsusi çıxışları ilə məclisə gözəllik qatıblar. 

Qeyd edək ki, Vüsalə Vətənxanın qələmə aldığı “Ayaq səsi” hekayəsində bir ananın acınacaqlı ömründən yol alaraq onun ayaq səslərindən, həmçinin ana səsi duymayan, ana qayğısı görməyən kimsəsiz uşaqların çarəsiz taleyindən bəhs etmişdir. Kitab xeyriyyə məqsədi ilə satışa çıxarılıb.

“Ayaq səsi”ndən bir hissə...

 Səhər açılırdı. Günəş yenə də adəti üzrə öz şəfəqlərini bu sınıq pəncərələrdən içəri vururdu. Gecənin soyuğunu içəri ötürən sınıq pəncərələr sübh çağı narin üfüqləri yerə səpələyirdi. Kimsə düzəltdirmirdi bu şüşələri. Yayı qışa, qışı yaya satan fəsillər hələ də ard-arda ötüb keçirdi. İçəridə yatan məsum körpələr öz röyalarından ayılmaq bilmirdilər. Bəlkə də nə vaxtsa ayılacaqlar, lakin ayılmaq istəməyəcəklər. Kaş elə hər şey yuxu kimi şirin olardı deyəcəklər.

Bura tərk edilmiş körpələrin tək sığınacağı idi. Bura yadları birləşdirən doğma ocaq sayılır. Yaş həddindən asılı olmayaraq bura az yaşından gətirilib buraxılan uşaqlar var idi ki, illərdir bu evdə yaşayır, bir yerdə məskunlaşır, eyni tikəni yeyir, eyni sudan içir, eyni yeməyi dadırlar. Kimsə onları yad etmir, bəlkə də az hallar olardı ki bu uşaqlar gəzintiyə çıxsın, yeni bir şey kəşf etsinlər. Onlar öz uşaqlıqlarından məhrum olmuş uşaqlar idi. Yenə də uşaqlar, doğma bir qucağa ehtiyac duyan uşaqlar...


  • Yazılıb
  • da (də) 2018 Mar 13
  • Göndərən مدير سايت Aran News