Tarix : 2018 Mar 13
Kod 54667

Azərbaycan ABŞ-a nota verib

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb".
Arannews-"İslaminSesi.info" bildirir ki,"Report"a  açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. Eyni zamanda ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib: "Həmçinin notada Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəliklərini vicdanla yerinə yetirməli olduğunu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub.
ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Post-sovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır.
ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır.
ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur. Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub.
ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcəkdir".
ShareFacebookTwitterGoogle+LinkedInTumblr

  • Yazılıb
  • da (də) 2018 Mar 13
  • Göndərən مدير سايت Aran News