Tarix : 2018 Mar 14
Kod 54674

Aqil Abbasın və İlqar Məmmədovun söz azadlığı

İndi Aqil Abbas o gün İlqar Məmmədovun etdiyi kimi etməsə də başlayıb tənqidə
Arannews-Aqil Abbasın "Pah, dünya dağıldı: rüşvət, korrupsiya..." başlıqlı məqaləsini oxudum. Yazısı təhsil nazirinin yeni qərarı barəsində idi. Yeni qərar bundan ibarətdir ki, müəllimələrə bildirilib ki, 8 martda şagirdlərdən hədiyyə almasınlar. Aqil Abbas üçün də fürsət ələ düşüb ki, ailə üzvlərindən tutmuş müəllimələrin adlarına, saylarına qədər yazsın və yazıb bildirib ki, o və onun qardaş-bacısı da müəllimələrə bayramda hədiyyələr aparıbmış. 
Aqil bəy gözəl bilir ki, ölkə rüşvətdən əziyyət çəkir. Özü də yazısını - təqribən hiss eləmək olur ki, ürək yanğısı ilə yazıb. İstehza ilə olsa da cənab nazirin diqqətinə çatdırmaq istəyib ki, sən get oxumayan şagirdlərdə təhsilə maraq oyat, nə bilim müəlliməyə düz-əməlli maaş ver ki, gəlib düz-əməlli də dərs desinlər. Nəticədə şagird repetitor yanına getməsin. 
Aqil Abbas etiraf edir və bu əqidədədir ki, Azərbaycanda söz azadlığı mövcuddur. Düz deyir. Baxın Azərbaycanda söz azadlığı olmasaydı o qəzet açıb, yazı yazıb və məqaləsində təhsilimizin nazirinə "2" verməzdi. 
İllər öncə Aqil Abbas Milli Məclisdəki həmkarı Zahid Orucla ANS-in efirinə çıxmışdı. Tərəf müqabillərin biri isə İlqar Məmmədov idi. Allah qapısını açsın. İlqar Məmmədov efirdə açıq-aşkar İlham Əliyevi Rza şah Pəhləviyə bənzətdi. Çox sərt bir şəkildə İlham Əliyevi tənqid etdi. Dediyi sözlədən biri də bu idi ki, ölkədə demokratiya, söz azadlığı yoxdur. Bu tərəfdən də güya İlqar Məmmədovu sındırırmış kimi, Aqil bəy qayıdıb dedi ki, əgər söz azadlığı yoxdursa sən necə bu cür danışırsan? Bəli, Aqil Abbas o gün verilişə dəvət ediləndə uşaq deyil idi. Gözəl bilirdi ki, İlqar Məmmədov bu sözlərin bədəlini ağır ödəyəcək. Elə bu cür də oldu. İlqar Məmmədov tezliklə əsassız iddialar və böhtanla həbs edildi.
Əslində Aqil müəllim də, İlqar bəy bu millətin, bu xalqın övladlarıdır. Hər ikisinin sözünə dəyər vermək lazımdır. Elə hər ikisi də doğru deyir. Amma burada sözümüzə irad tutula bilər ki, iki söz bir-birinə ziddirsə necə hər ikisi də düz ola bilər? Lazım gəlsə ola bilər. Çünki "lazım" Aqil müəllimdən də İlqar bəydən də qüdrətlidir, möhtərəmdir, əzizdir. Bəs necə olur ki, ölkədə demokratiya yoxdur deyən İlqar bəyin də, ölkədə demokratik mühit vardır deyən Aqil müəllimin də sözləri (bir-birinə zidd olduğu halda) doğru hesab edilir? Məsələnin həlli çox sadədir. İki üstə gəl iki bərabərdir dörd qədər sadədir. Belə ki, Aqil müəllim düz deyir ki, ölkədə söz azadlığı vardır. Əgər İlqar bəy canlı efirdə İlham Əliyevi diktator, Rza şah adlandırırsa və həmin anda ANS-ə zəng vurub verilişi dayandırmağı, İlqar bəyi həbs etməyi əmr etmirlərsə deməli söz azadlığı vardır. İlqar bəy də düz deyir, belə ki, o azad bir şəkildə İlham Əliyevi tənqid edəndən sonra ölkədə azad, sərbəst bir şəkildə yaşaması mümkünsüzdür. Odur ki, hər ikisi doğru deyir. Söz azadlığı var! Sözdən sonra "azad gəz" azadlığı sıfır.
İndi Aqil Abbas o gün İlqar Məmmədovun etdiyi kimi etməsə də başlayıb tənqidə. Amma tənqidinin bir hissəsi də elə İlqar Məmmədovun diktator adlandırdığı İlham Əliyevə dəyir. Çünki Təhsil Nazirini məhz İlham Əliyev təyin edib. Bu bir. İkincisi isə bundan ibarətdir ki, İlham Əliyev bu yandan deyir ki, ölkədə 100 faiz savadlılıqdır. Amma Aqil Abbasın yazdığı cümlələrə fikir verin: "Gələk mətləbə. Bəli, Təhsil Nazirliyi müəllimələrdən tələb edir ki, hədiyyə qəbul etməsinlər. Çox əla! Müəllimələrdən başqa şey tələb olunmalıdır. Onlardan şagirdlərə yüksək səviyyədə dərs demək tələb olunmalıdır ki, valideynlər boğazlarından kəsib övladlarını repetitor yanına göndərməsinlər. Təhsil ocaqlarından yüksək təhsil tələb olunmalıdır, yoxsa ildə-ayanda olan bir bayramda kimsə müəlliməyə bir ətir hədiyyə edib. Pah, dünya dağıldı, korrupsiya, rüşvət. «Rüşvətin» də miqyası bilirsiniz nə qədərdi, təxminən 15-20 manat. Beynəlxalq bankdan oğurlanan pullar Azərbaycanın bir illik dövlət büdcəsini təşkil edir." Bu hələ jurnal idi, kinosu budur bax: "Müəllimlərin qarşısına qoyulan tələbi qəzetlərdə və saytlarda oxuyanda həmin qəzet və saytlarda onu da oxudum ki, Dövlət İmtahan Mərkəzinin 9-cu sinif şagirdləri üçün keçirdiyi test imtahanında şagirdlərin 72 faizi «2» alıb. Necədi sizin üçün? «2» almayan o 28 faiz bilirsiniz kimlərdi, repetitor yanına gedənlər. Necədi sizin üçün! Hələ deyəsən keçən il Azərbaycan dilindən səksən neçə faiz «2» almışdı."
Hə Aqil Abbas demişkən, necədir sizin üçün. Sanki İlqar Məmmədov gedib yerini Aqil Abbas tutub. Ya da İlqar Məmmədov yalan olub Aqil Abbasın yanında. Amma Aqil müəllim bu yerdə yalançı olmasına inanmalıyıq. Çünki biz onu yox, o bizi yalançı hesab edib dediklərinin yalan olmadığını sübut etməyə qalxsa onda gərək İlham Əliyevi yalançı çıxardaq, İlham Əliyev isə Aqil Abbasın ucbatından yalançı çıxsa gərək Aqil Abbas üçün bütün dünya yalan olsun. Bütün dünya yalandırsa deməli bu dünyanın sakinlərindən biri olan Aqil Abbasın özü də yalan deyir. Kimin yalan, kimin doğru dediyini buraxaq xalqın öhdəsinə. Əsas odur ki, İlham Əliyev deyir ki, ölkədə savadlılığın dərəcəsi 100 faizdir. Aqil Abbas isə deyir ki, 80 neçə faiz "2" alıb. 
Amma Aqil bəy bir cümləni yerində işlədib: "Müəllimələrdən başqa şey tələb olunmalıdır." Bu kişini cüzi də olsa tanıyanlar gözəl bilir baməzə adamdır. Yeri gələndə zarafat da edir, tənqid də edir, söz də atır. Bu cümləsinin ekspert rəyi, araşdırmaya, alim təhqiqatına, laboratoriya incələməsinə ehtiyacı var. Çünki bir-iki aydan sonra seçkilər gəlir. Hər il olduğu kimi bu il də bəzi müəllimələrin "karusel" əməliyyatları gözləniləndir. Xüsusən də əgər 8 martda hədiyyə ala bilməyən müəllimələr. İndi nə bilək ki, Aqil müəllim "başqa şey" ünvanında nə tələb edir? Ya tələb edir ki, onlar öz nadürüstlüklərinə davam etsinlər, sadəcə rişxəndlə deyib. Ya da demək istəyib ki, ay təhsil naziri, 8 mart ayda ildə bir dəfə olan şeydir, sən müəllimələrindən tələb elə fırıldağla məşğul olmasınlar. "You Tube" kanalı Azərbaycan məktəblərinin və müəllimələrin seçki günlərindəki fırıldaqları ilə aşıb-daşır. O da məlumdur ki, 8 mart ildə bir dəfə olmasına baxmayaraq, seçkilər 5 ildə bir dəfə olur. İndi deyirsiz ki, müəllimlər əllərinə düşən fürsəti dəf etsinlər. 
Budur, o İlqar Məmmədovun söz və ifadə azadlığı idi, bu da Aqil Abbasın. Odur ki, Aqil Abbas özünün tənqid etdiyini düşünür. Bir başa qələmi ilə İlham Əliyevi vura bilməsə də onun təyin etdiyi kadrı açıqca tənqid etməkdən çəkinmir. 
Müəllimlərin seçki saxtakarlıqlarına gəldikdə isə bəlkə o bunu inkar edər. Hər halda bu barədə dəqiq söz demək çətindir. Gün kimi aydın olansa odur ki, nə hörmətli deputat, nə də onun kimi digər yazıçılar, qəzetçilər – böyük əksəriyyəti – seçki saxtakarlığını tənqid etmirlər. Əksinə yada saldığımız verilişdə seçki saxtakarlığından, referendum hiylələrindən danışan İlqar Məmmədovu "bağlamağa" çalışırdı. Mən demirəm ee, orada saxtakarlıq edənlər iqtidarın adamlarıdır. Cəhənnəm, çıxın deyin ki, ay camaat, orada saxtakarlıq edən, topa-topa bülletenləri seçki qutusuna atanlar müxalifətin adamlarıdır, Cəmil Həsənlinin adını yazıb topa-topa qutuya atırlar. Yetər ki, kameralara düşən bu faktları, kadrları inkar etməyin. Çıxın deyin ki, onlar müəllimə deyil, saxtakarcasına özlərini müəllimə kimi aparırlar. Heç olmazsa bilək ki, bu məsələləri gündəmə gətirirsiniz. Amma siz ondan da qorxursunuz, müxalifətin adını çəkməkdən də çəkinirsiniz. Necə qorxuya düşmüsünüzsə ümumiyyətlə seçki, saxtakarlıq adlarını dilinizə gətirmək istəmirsiz. Bilirsiniz niyə, çünki qorxursuz ki, məsələ şişər, böyüyər, çat verər, sonrasını yığıb yığışdırmaq olmaz. Ona görə də indidən özünüzü yığıb yığışdırmısınız.


  • Yazılıb
  • da (də) 2018 Mar 14
  • Göndərən مدير سايت Aran News