Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Nizami Gəncəvinin tövhid və onun dəlilləri barədə şerlərinə işarə edərək deyib: “Bu böyük şairin hər beş məsnəvisində müxtəlif dəlil və təbirlərlə tövhid mövzusuna təkid olunur. Bu məsələ şairin bütün dünyada tanınmasına səbəb olmuşdur.”
AranNews - Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi və Təbrizin imam cüməsi höccətül-islam vəl-müslimin Məhəmmədəli Ali-Haşim “Həkim Nizami Gəncəvi Beynəlxalq Konfransı”ndakı çıxışında Nizami Gəncəvinin məqamına işarə edərək deyib: “Nizamini fars şerinin tanınmış şairləri və fars dili ustadları sırasında bilmək lazımdır.
Cürətlə demək olar ki, Nizami şad anları söyləməkdə bənzərsiz bir şairdir. Onun öz şerində işlətdiyi sözlər çox mülayim, incə və ürəyəyatandır. Nizami əxlaqa riayət edən böyük şairdir və heç vaxt sözü çılpaq və pərdəsiz deməmişdir. Bütün dünyanın şairləri arasında əxlaq saflığında və təqvada həkim Nizaminin bənzərini tapmaq olmaz.”
Vəliyyi-fəqihin nümayəndəsi nitqinin davamında deyib: “Nizami Gəncəvi lirik şerdə, aşiqanə hekayələrdə və fars ədəbiyyatında tam mənada bir ustaddır. Bu dahi şair altıncı hicri əsrinin sonlarında fars dilində təmsil şerini təkamülə çatdırmışdır. Beş xəzinədən əlavə, qəsidələr divanı və qəzəlləri də vardır. Onun qəsidələrinin çoxunu hikmət və nəsihət təşkil edir.”
Höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim nitqinin digər hissəsində deyib: “Həkim Nizami Gəncəvi şair və natiqlikdən əlavə əqli elmlərdə, xüsusilə də fəlsəfə, məntiq, riyaziyyat və astronomiya sahələrində məharət sahibi olmuşdur. Habelə, Quran, hədis, fiqh kimi nəqli elmlərdə də böyük bacarığa malik olmuşdur.”
Təbrizin imam cüməsi Nizami Gəncəvinin şerlərində tövhid və Allahın yeganəliyindən söz açılmasına və bu barədə dəlillər gətirilməsinə işarə edərək deyib: “Dahi şairin beş məsnəvisi müxtəlif dəlil və təbirlərlə tövhid mövzusuna təkid edir və bu məsələ onun bütün dünyada şöhrət qazanmasına səbəb olmuşdur.
Bu mütəfəkkir şairin elmi məqamı şərq və qərbdə dillər əzbəridir. Nizaminin əsərlərinə diqqət etdikdə onun öz zamanının elmlərinə əhəmiyyət verdiyini görürük.”
İmam cümə Nizamini səbki təkmilləşdirməkdə və xüsusi üslub yaratmaqda Firdosi və Sədiyə bənzədərək deyib: “Fars dilində dastan yazmaq Nizaminin vasitəsilə başlamasa da, altıncı hicri əsrinin sonuna kimi təmsil şerini ən yüksək təkamülə çatdıran dahi şair Nizami olmuşdur.
Nizaminin öz şerlərinin tənzim və tərtibində göstərdiyi məharət digər şairlərin onun əsərlərindən təqlid etmələrinə, türk ədəbiyyatında məsnəvi yazmağı Nizaminin adına bağlanmasına səbəb olmuşdur. Hətta son yüz ildə türkcə yazılmış məsnəvilərin çoxu Nizaminin xəmsəsini izləmişdir.
Nizaminin “Leyli və Məcnun” əsərinin türk dilinə tərcümə edilməsindən əlavə, “Leyli və Məcnun” əsərindən ilham alınaraq bir çox poemalar yaradılmışdır.”
O, Nizaminin təşbihlərini, izahlarını gözəl, sənətkarcasına və çox romantik adlandıraraq deyib: “İran yurdunun dahi şairi təbiət və əhvalları təsvir etməkdə çox güclüdür və söz seçimi və işlədilməsi çox uyğundur. Nizami Gəncəvinin şerləri İran mədəniyyətindən qaynaqlanmaqla, İslamdan öncəki və İslamdan sonrakı İrana vəhdət bəxş edir.”