Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsindəki son kadr dəyişiklikləri ilə ABŞ-ın xarici siyasəti daha dişli və kəsərli olmağa başlayacaq
Aran Agentiliyi: istinad xebere gore. ABŞ-dakı son kadr dəyişiklikləri fonunda Vaşinqtonun Cənubi Qafqaz və Dağlıq Qarabağ siyasətini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Pompeo siyasətdə diplomatiya ilə xüsusi xidmət orqanlarının fəaliyyətini birləşdirəcək:
“Hətta yeri gələndə dünyadakı hadisələri ABŞ-ın maraqlarına uyğun dəyişmək üçün təkcə diplomatiyadan deyil, böyük ehtimalla, MKİ-nin xüsusi metodlarından da istifadə ediləcək. Zənnimcə, Dağlıq Qarabağla bağlı tələblərin ciddiləşməsi və regionda vəziyyətin gərginləşməsi daha çox Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi mübarizə metodlarından asılı olacaq. Rusiya Qərbə meydan oxuyaraq Avropa paytaxlarında kimyəvi silah tətbiq edir. İndiyə qədər bu yolla 21 nəfər öldürülüb, 10-a yaxın insan isə xəsarət alıb. Bu sarıdan Qərb Rusiyanı maksimal hərəkətlərdən uzaqlaşdıra biləcək addımlar hazırlayır. Bu isə o anlama gəlir ki, ABŞ-ın bundan sonrakı xətti Rusiyaya qarşı yürüdülən siyasətdən xeyli asılı olacaq”.
Politoloqun fikrincə, ABŞ Rusiyanı halqavari mühasirəyə almaq istəyirsə, birinci Cənubi Qafqazdan başlamalıdır:
“Çünki bu region Rusiyanın yumşaq qarınaltısıdır. ABŞ Rusiyanı Cənubi Qafqaz və Orta Asiyadan vurub çıxarsa, vəziyyət xeyli sadələşə bilər. Bu hətta Qarabağ probleminin danışıqlar yolu ilə həlli üçün əlverişli şərait yarada bilər. Əgər bu gün Ermənistan danışıqlar masası arxasında destruktiv mövqe tutursa, bu, Moskvanın hesabınadır. O üzdən Qərb Rusiyanı regionda və dünyanın bir sıra nöqtələrində neytrallaşdırsa, Kreml artıq Ermənistanın arxasında dayana bilməyəcək. Bu isə Moskvanın Cənubi Qafqazdakı maraqlarını zəiflədəcək”.
Q.Hüseynli hesab edir ki, ABŞ-ın yeni sərt siyasəti Azərbaycana yeni perspektivlər vəd edir:
“Türkiyənin, hətta başqa NATO dövlətlərinin regionda peyda olması xeyli asanlaşacaq ki, nəticədə də Gürcüstan və Dağlıq Qarabağda milli zəmində baş vermiş ektremist münaqişələrin həlli üçün daha münbit şərait yaranacaq. Bu isə Rusiyanın bölgədən çıxarılması və ya bir dövlət kimi zəiflədilməsindən xəbər verir. Zəif Rusiya isə Cənubi Qafqazda duruş gətirə bilməyəcək. Çünki Amerika və NATO-nun Qafqaza gəlişi qaçılmazdır. Bu, özünü Gürcüstanın timsalında, başqa formalarda da göstərə bilər. Beləliklə də bölgədə qüvvələr nisbəti ciddi surətdə Azərbaycanı xeyrinə dəyişəcək. Avropa Birliyi dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini bir neçə dəfə bəyan edib. ABŞ da yavaş-yavaş ərazi bütövlüyü məsələsinə gəlir. Ümumiyyətlə, Bakı üçün Qərbin problemə yanaşması Rusiyanınkından xeyrli sərfəlidir. Bir sözlə, Qərb-Rusiya qarşıdurmasında Cənubi Qafqazdakı münaqişəli ocaqları üçün əlverişli perspektivlər açılacaq”.
Qeyd edək ki, D.Tramp Dövlət katibi Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq onun yerinə MKİ rəhbəri Mayk Pompeonu gətirib.
MKİ-yə isə bu vaxtadək müavin vəzifəsini icra edən xanım Cina Hespel rəhbərlik edəcək.