''Böyük Britaniyanın baş naziri və xarici işlər naziri məqsədyönlü şəkildə Rusiyaya qarşı fəaliyyətə keçiblər''
Rusiyada prezident seçkisi başa çatdı və hazırkı ölkə başçısı Vladimir Putin 76 faiz səslə növbəti 6 ildə qonşu dövləti idarə etmək təminatı aldı.
18 mart seçkisi Moskva-London münasibətlərinin gərginləşdiyi dövrə təsadüf edir.
Bir müddət öncə Solsberidə Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripalın və qızının zəhərlənməsindən sonra 23 rusiyalı diplomat Böyük Britaniyadan çıxarılıb.
Bundan sonra Kreml oxşar addım ataraq eyni sayda ingilis diplomatı ölkədən çıxardı. Bu hadisələr Rusiyaya qarşı qərb dövlətlərinin sanksiyalarını sərtləşdirəcəyini yenidən gündəmə gətirdi.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Rusiyada keçirilən prezident seçkisində möcüzə baş vermədiyini və hamının gözləntisinin doğrulduğunu bildirib:
“Belə bir ifadə var: sirli rus qəlbi. Artıq bu sirlilikdən heç nə qalmayıb, hər şey açıqdır. Putin Rusiyanın imperialist mahiyyətinə uyğun olaraq dünyaya meydan oxuyur. Krımın, Donbasın işğalı, Suriyadakı fəaliyyəti, Amerika seçkilərinə müdaxiləsi və nəhayət, Böyük Britaniyada sabiq kəşfiyyatçıları öldürməsi ilə Putin bütün mənalarda Rusiyanın imperiya istəyini ortalığa qoyub. Əslində, xüsusi seçki saxtakarlığına da ehtiyac yox idi, ruslar məhz Putinə səs verəcəkdi”.
Bundan sonrakı proseslərə gəlincə, İlham İsmayıl hesab edir ki, indiyə qədər nə baş veribsə, bundan sonra iki istiqamətdə-daxildə və xaricdə hadisələr sürətlə baş verəcək:
“Daxildən ona görə başlayacaq ki, Rusiya iqtisadiyyatı ağır durumdadır, Qərb də sanksiyaları sərtləşdirməklə vəziyyət daha da pisləşəcək. İkinci, qarşıdakı 6 il Putinin sonuncu dövrü sayılır, bəlkə gələcəkdə Konstitusiyada dəyişiklik edib ömürlük prezident seçsinlər. Amma bu, baş verərsə, gərginlik azalmayacaq, əksinə, hakimiyyət uğrunda mübarizə daha da kəskin müstəviyə çıxacaq. Putinin andiçmə mərasimindən sonra Kremldə növbəti prezidentin kim olması mübahisəsi və mübarizəsi başlayacaq. Onsuz da bu mübarizə var idi, çünki məmur-oliqarxların Qərbdəki kapitalına böyük təhlükə var. Nəzərə alın ki, bunların içində Putinin də yaxın adamları var və ağır duruma düşən onlar perspektivləri naminə saray çevrilişinə hazırlaşacaqlar”.
İlham İsmayıl bildirib ki, Böyük Britaniya hər hansı məsələyə görə reaksiya verən dövlətlərdən deyil:
“Amma görün hansı durum yaranıb ki, Böyük Britaniyanın baş naziri və xarici işlər naziri məqsədyönlü şəkildə Rusiyaya qarşı fəaliyyətə keçiblər. Həm diplomatları çıxardır, həm də Sankt-Peterburqda baş konsulluğu ləğv edir, bunlar Moskvaya yaxşı heç nə vəd etmir. Beləliklə, daxildən və xaricdən Rusiyanın təcrid olunması Putinin vaxtından əvvəl hakimiyyətini itirməsi ilə nəticələnə bilər”.
18 il ölkəni idarə edən Vladimir Putin qarşıdakı 6 il də Rusiyanı idarə edəcək, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisidir və hakim partiyanın namizədi İlham Əliyevin qarşıdakı 7 il üçün prezident səlahiyyətlərini yenidən götürəcəyi şübhə doğurmur. Ermənistan isə parlamentli respublikaya keçsə də, Serj Sarkisyan hakimiyyətdə qalır. Bu mənada ötən 20 ili nəzərə aldıqda, «Dağlıq Qarabağ münaqişəsi üçün nə vəd edir”- sualı aktullaşır.
İlham İsmayılın qənaətincə, üç ölkədə hakimiyyətlər qalırsa, Dağlıq Qarabağ məsələsində önəmli dəyişiklik olmayacaq:
“Hətta münaqişənin həllində dəyişiklik olsa da, bu, Azərbaycanın xeyrinə deyil. Çünki Cənubi Qafqazda durum elədir ki, Azərbaycanı yalnız Türkiyə dəstəkləyir. İran və Rusiya status-kvonun qalmasında maraqlıdır, amma ABŞ üçün belə vəziyyət sərf etmir. Çox güman ki, Gürcüstanın NATO-ya üzvlüyünün sürətlənməsi vəziyyəti gərginləşdirəcək, ancaq gedişatı əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, Qarabağ məsələsində ciddi addımlar gözləməyin, 25 ildə necə olubsa, bundan sonra daha pis olacaq”.
Tarixçi-alim Altay Göyüşovun Rusiya üçün xüsusi gözləntisi yoxdur:
“Gözlənilən odur ki, Rusiya iqtisadiyyatı zəifləyəcək və Qərbin sanksiyalarının sayı artacaq. Putin Avropa ilə münasibətlərini yaxşılaşdırmağa cəhd edəcək, ancaq nəyinsə dəyişəcəyinə inanmıram. Gərək, Putin bəzi iddialarından imtina etsin, məsələn, Krım, Donbas, amma, bu, mümkün görünmür”.
Altay Göyüşov güman edir ki, yaranmış vəziyyət Vladimir Putinin Cənubi Qafqazda təxribatçı addımları ola bilər:
“Yəqin Putin Çinlə münasibətləri gücləndirməyə çalışacaq, bu gedişatda Avrasiya İttifaqının işini gücləndirəcək, amma cəhdləri boşa çıxacaq. Bütövlükdə Rusiya zəiflədikcə, növbəti parçalanmaya doğru istiqamət alacaq”.
O, yaxın 6-7 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi heç nə gözləmir:
“Çünki Rusiya bu iki dövlətin münasibətlərində dəyişikliyin tərəfdarı deyil. Kreml nə müharibəyə imkan verəcək, nə də problemin həllində maraqlı deyil. Münaqişə Rusiya üçün hər iki dövlətə təzyiq vasitəsidir, Moskva hər ikisini də özündən uzaqlaşdırmaq istəmir. Münaqişənin indiki durumu Ermənistanla Azərbaycanın girov saxlanılması üçün ən yaxşı variantdır. Məsələ ondadır ki, Ermənistan Rusiyanın forpostu olsa da, mövcud şəraitə görə Azərbaycandan daha ağıllı siyasət yürüdür. Faktiki olaraq, İrəvan Brüsellə müqavilə imzaladı və başqa istiqamətdə də iş görür. Görünən, budur ki, rəsmi Bakı rəsmi Moskvanın girovuna çevrilib”.