“İmam Əli” məscidinin inanclıları məscidin qarşısındakı “şərab evi”nin bağlanmasını istəyirlər
Ölkəmizdə şərab istehsal edən zavodlar, satışı ilə məşğul olan xüsusi dükanlar və “şərab evləri” mövcuddur. Onlardan biri “Azqranata” adlı şirkətdir. 2011-ci ildə yaranıb. Özünün zavodu və xüsusi dükanları var…
Amma…
Amması budur ki, bir neçə gündür ki, sosial şəbəkələrdə bu firmanın İçəriçəhərdə açdığı “Şərab evi” müzakirələrə, tənqidlərə səbəb olub.
Müzakirə və xüsusilə tənqidlərə səbəb olan məsələ, bu firmanın İçərişəhərin Asəf Zeynallı küçəsində açdığı “Şərab evi”dir. Müzakirənin səbəbi isə, şərab evi ilə “İmam Əli (ə)” adlı məscidin qarşı-qarşıya olmasıdır. Tarixi əhəmiyyətə malik, yenidən tarixiliyinin qorunması şərtilə ibadət üçün dindarların üzünə açılan bu məscid bir neçə ildir ki, İçərişəhər inanclılarının ixtiyarına verilmişdir. Məscidlə üz-üzə “Şərab evi”nin açılışı isə sosial şəbəkələrdə daha çox müzakirələrə səbəb olmuşdu. Aldığımız məlumata görə, məsələ ilə bağlı hətta rəsmi qurumların hərəkətə keçməsi üçün xahişlər və məktublar da yazılmışdır.
Açıq havada dequstasiya, azyaşlı…
Bu firma “İçərişəhər”dəki dükanının açılışı zamanı paylaşılan bəzi fotolar diqqətimizi çəkməyə bilməzdi. Küçələrə qoyulmuş stollarda müxtəlif çeşid şərablar gələn qonaqlar, küçədən keçənlərə təklif olunub. Azərbaycan Respublikasının Üzümçülük və Şərabçılıq haqqında QANUNun şərabçılıq istehsalı bölümünün 15-1.3. bəndində deyilir: Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.
15-1.4. bəndində – Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağandır, – deyə bildirilir.
15-1.5 bəndində isə – Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır, – qeyd edilir.
Göründüyü kimi açıq məkanda dequstasiya və ya öz dilimizlə desək dadına baxılması üçün təklif etmək icazə verilmir, həmçinin şərabın zərərləri haqqında açılış məkanında reklam stendinin qoyulmasına rast gəlinməyib.
Adı çəkilən “İmam Əli” məscidinin dindarları çox narahatdırlar…
Məsələ ilə bağlı “İmam Əli (ə)” məscidinin İmam camaatı Hacı Sadiq Əsgərov İslamazeri.com-a danışıb.
“Biz “İmam Əli” məscidində fəaliyyət göstəririk. Bizim – məscidlə, Allah Evi ilə qarşı-qarşıya bu “Azqranata”ya məxsus “Şərab evi”nin açılmasına çox narahatıq. Bu həm müsəlmanların dini heysiyyatına toxunan amildir, həm də əksəriyyəti müsəlman olan xalqımızın milli-mənəvi dəyərlərinə qarşı yönəlmiş ehtiramsızlıqdır. Məscidlə üz-üzə açılan bu “Şərab evi”nin bağlanmasını, bu narahatedici halın aradan götürülməsini tələb edirik”, – deyə məscidin imamı Hacı Sadiq Əsgərov bildirib.
Gələcəkdə məscidə ibadət üçün gələn inanclılar ilə, “Şərab evi”nə şərab almağa və ya başqa məqsədlər üçün gələn şəxslərin arasında yarana biləcək hansısa insidentə səbəb olmasının əvvəlcədən qarşısının alınması üçün “Şərab evi”nin bağlanmasının məqsədə uyğun olduğunu qeyd edən Hacı Sadiq Əsgərov bu tələbin təkcə məscid icması deyil, məscidə gələn bütün möminlərin, o cümlədən İçərişəhərdəki inanclıların, Bakıda və ölkədə yaşayan inanclıların fikri olduğunu önə çəkib.